Card image cap

ADNSU ilə İranın Xarəzmi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransında iştirak çərçivəsində Azərbaycanda olan İran İslam Respublikasının Xarəzmi Universitetinin kansleri Dr. Abdolrahim Navehebrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı ali məktəbin tarixi, tədris prosesi, fakültələr, beynəlxalq əlaqələr, startap layihələri, əcnəbi tələbələr, universitetdə tədris olunan ixtisaslar haqqında məlumat verib. İranlı nümayəndələrə universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında danışan rektor Mustafa Babanlı UFAZ tələbələrinin ali məktəbi bitirdikdən sonra iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edə biləcəklərini qeyd edib. Rektor M.Babanlı həmçinin, ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən biri kimi əcnəbi professorların ADNSU-ya dəvət edildiyini bildirib.

Səmimi qəbula görə rektor, prof. Mustafa Babanlıya təşəkkür edən Xarəzmi Universitetinin kansleri Dr. Abdolrahim Navehebrahim təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Xarəzmi Universitetinin İranın ən qocaman ali məktəblərindən olduğunu deyən  A.Navehebrahim burada tədris olunan ixtisaslar, elmi sahədə görülən işlər, həyata keçirilən layihələr və s. haqqında danışıb. A.Navehebrahim ADNSU ilə müxtəlif istiqamətlərdə qurulacaq əməkdaşlığın hər iki tərəfə böyük töhfə verəcəyini qeyd edib.

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi son illər Azərbaycan və İran arasında bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində də əlaqələrin gücləndiyini bildirib və iki universitet arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün öz üzərlərinə düşən vəzifələri yerinə yetirəcəklərini qeyd edib.

Görüşdə iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbirin sonunda xatirə hədiyyələri təqdim edilib.