Card image cap

ADNSU ilə “AzerGold” QSC gələcəyin geoloqlarını hazırlayır

2017-ci ilin may ayında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış memorandum çərçivəsində təhsilə və elmi-texniki inkişafa dəstək, geologiya və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılması istiqamətlərində fəaliyyət davam etdirilir. Birgə fəaliyyət planına uyğun olaraq 2017-ci ildə Çovdar filiz emalı sahəsində 20, 2018-ci ildə isə daha 8 tələbə istehsalat təcrübəsi keçib. Hazırda tələbələrin bir hissəsinin “AzerGold” QSC-nin mərkəzi ofisində Geoloji kəşfiyyat şöbəsində, digər hissəsinin isə Çovdar filiz emalı sahəsində istehsalat təcrübəsi davam edir.

Çovdar filiz emalı sahəsində təcrübə keçən tələbələr çöl şəraitində yerüstü sınaqlaşdırma, toplanan materialların kameral şəraitdə işlənilməsi, xəritəalma işləri, filiz intervallarının ayrılması, sınaqların laboratoriyaya göndərilməsi, kern materiallarının sənədləşdirilməsində yaxından iştirak etmiş, buruq-qazma quyularının iş prinsipi ilə yaxından tanış olmuşlar. “AzerGold” QSC-nin mütəxəssislərinin dəstəyi ilə tələbələr, həmçinin iki ölçülü xəritəalma proqram təminatı ilə (ArcGis) iş prinsipini aşılamış, Gemcom Minex proqramı vasitəsilə quyuların 3 ölçülü rejimdə göstərilməsi, litologiya və mineral cədvəllərinin yüklənilməsi üzrə başlanğıc səviyyələri öyrəniblər. Mərkəzi ofisdə təcrübə keçən tələbələrə isə 1994-cü ildə Kanadanın Mədən və Metallurgiya Sənayesi Mühəndisləri İnstitutu tərəfindən yaradılan CIMM standartları tədris olunur. İstehsalat təcrübəsi ərzində tələbələr nizam-intizam qaydalarına riayət olunmasında özlərini ən yaxşı tərəfdən göstərib, təcrübə zamanı verilən məlumatların mənimsənilməsində çox yüksək nəticələr nümayiş etdiriblər.     

ADNSU ilə “AzerGold” QSC-nin əməkdaşlığı yalnız tələbələr üçün təşkil edilən istehsalat təcrübələri ilə məhdudlaşmır. Cari ilin fevral ayında “AzerGold” QSC-nin mütəxəssisləri ADNSU-da tələbələr üçün Azərbaycanın əlvan metal sənayesi və geoloji kəşfiyyat haqqında geniş təqdimat keçməklə yanaşı, CV-nin tərtib edilməsi, müsahibədə davranış qaydaları haqqında ətraflı məlumat veriblər. Bu il ərzində, həmçinin “AzerGold” QSC tərəfindən ADNSU tələbələri üçün geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim-seminar təşkil olunacaq, respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri” mövzusunda təqdimat keçiriləcək, təcrübə əsaslı tədqiqatlar hazırlanıb tələbələrə təqdim olunacaq.

Beləliklə, ADNSU və “AzerGold” QSC sıx əməkdaşlıq çərçivəsində geologiya sahəsində gələcəyin mütəxəssislərini hazırlayır, bu sahədə texnoloji inkişaf və tədqiqatlar üçün səmərəli platforma yaradır. 

Qeyd edək ki, dağ-mədən sənayesinin kompleks inkişafını hədəfləyən “AzerGold” QSC kadr potensialının möhkəmləndirilməsi məqsədilə ADNSU ilə yanaşı, digər ali məktəblərlə də  müxtəlif sahələrdə əməkdaşlıq qurub.