Card image cap

ADNSU-da fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) buraxılış siniflərinin şagirdləri üçün təşkil olunan Riyaziyyat, Fizika və Kimya fənnləri üzrə olimpiadanın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə fənn olimpiadasının təşkilat komitəsinin üzvləri, qalib şagirdlər və onların valideynləri iştirak edib.

Olimpiadanın baş tutmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirən təşkilat komitəsinin məsul katibi, ADNSU-nun "İdarəetmə və Sistemlər mühəndisliyi" kafedrasının müdiri, professor Fərid Ağayev tədbirin keçirilməsində məqsədin gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması olduğunu qeyd edib.

Sonda ən yüksək nəticə göstərən şagirdlər fəxri fərmanla təltif olunublar.

Qeyd edək ki, fənn olimpiadasında Bakı şəhərinin ümumtəhsil məktəblərindən ümumilikdə 208 nəfər XI sinif şagirdi iştirak edib. Olimpiada Azərbaycan və rus dillərində olmaqla yazılı formada aparılıb. Olimpiadada hər şagird yalnız bir fənn üzrə iştirak etmək hüququna malik olub.