Card image cap

AMEA-da akademik Musa Əliyevin 110 illik yubileyi qeyd olunub

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim və tanınmış ictimai xadim, akademik Musa Əliyevin anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə M.Əliyevin II Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Elmlər Akademiyasının binasında davam edən tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamını elmə və alimlərə verilən dəyərin göstəricisi kimi qiymətləndirib. Musa Əliyevin Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr verdiyini bildirən akademik Akif Əlizadə onun yüksəkixtisaslı kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən danışıb. Akif Əlizadə görkəmli alimin Elmlər Akademiyasının prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Musa Əliyev haqqında öz xatirələrini danışan Akif Əlizadə onun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını bildirib.

Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrədin Qədirov "Görkəmli alimin şərəfli həyat yolu" mövzusunda məruzə ilə çıxış edib. Musa Əliyevin 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən fakültəsinə daxil olduğunu deyən akademik Fəxrədin Qədirov onun müxtəlif dövrlərdə göstərdiyi fəaliyyəti qeyd edib. Mərhum akademikin elmi fəaliyyətindən danışan məruzəçi bildirib ki, alimin əsas uğurlarından biri onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizinin akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənayesində dənizdə böyük yatağın ("Neft Daşları") açılışı olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı "Akademik Musa Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inkişafında rolu" mövzusunda məruzə ilə çıxış edib. Rektor, professor Mustafa Babanlı bildirib ki, Azərbaycanda peşəkar geoloq kadrların hazırlanmasının əsası ötən əsrin 20-ci illərində Bakı Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qoyulub. O qeyd edib ki, məhz bu ixtisası seçmiş Musa Əliyev ilk günlərdən liderlik keyfiyyətləri ilə fərqləndiyinə görə, tələbələr onu geoloqlar qrupunun başçısı seçiblər. Rektor M.Babanlı Musa Əliyevin Azərbaycan Sənaye İnstitutunda ardıcıl olaraq assistent, dosent və Neft fakültəsinin dekanı kimi fəaliyyət göstərdiyini, 1939-cu ildə isə institutun direktoru vəzifəsinə təyin edildiyini diqqətə çatdırıb. Məhz Musa Əliyevin dövründə institutda milli kadrların yetişdirilməsi istiqamətində ciddi işlərə başlanıldığını, neft sənayesi üzrə milli kadrların seçilməsi və yerləşdirilməsində ilk addımlar atıldığını söyləyən rektor M.Babanlı onun əziz xatirəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hər zaman yaşayacağını bildirib.

İclasda akademiklər - Abel Məhərrəmov, Vasif Babazadə, Teymur Bünyadov və digərləri çıxış edərək alimin həyat və elmi fəaliyyətindən danışıblar, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Sonra çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev alimlə bağlı xatirələrini bölüşüb. Yığıncağın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirin sonunda akademik Musa Əliyevin həyat və yaradıcılığına həsr olunan sənədli film nümayiş edilib.