Card image cap

ADNSU tələbələri “Imagine Cup 2018” innovasiya müsabiqəsinin qalibləri oldu

Mayın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müəllif Hüquqları Agentliyi, “Microsoft Azərbaycan” şirkəti, Paşa Bank və “Nar” mobile rabitə operatorunun dəstəyi ilə Bakıda fevral ayından start götürən “Imagine Cup 2018” innovasiya müsabiqəsinin Milli Turunun qalibləri elan olunub.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə innovativ iqtisadiyyatın qurulmasında Startap layihələrinin dəyərləndirilməsinin prioritet olduğunu deyib.  Təhsil nazirinin müavini Firudin Qurbanov da öz çıxışında bir çox tələbə üçün “Imagine Cup” kimi nüfuzlu müsabiqədə iştirakının onlar üçün uğurlu karyeranın başlanğıcı olduğunu vurğulayıb.

Layihənin digər dəstəkçiləri də öz çıxışlarında “Microsoft Imagine Cup”ı  innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqə kimi səciyyələndirib və universitetlərdə yaradılan biznes inkubatorların önəmindən danışıblar.

Daha sonra müsabiqədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” Startap və İnnovasiya Mərkəzinin “Smart Flower Pot”, “GuideAmigo” və “KubiRub” layihələrinin təqdimatı keçirilib. Layihələr münsiflər tərəfindən yüksək qiymətləndirilib və ADNSU tələbələrinin layihələri “Imagine Cup 2018” innovasiya müsabiqəsinin Milli Turunun qalibləri seçilib.

“Imagine Cup 2018” milli turunda birinci yerə “KubiRub”, ikinci yerə “GuideAmigo”, üçüncü yerə isə “Smart Flower Pot” layihələri layiq görülüb.

Tələbələrin innovativ ideyalarının dəstəklənməsinə görə təşəkkürünü bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə fəaliyyət göstərən “eazi START” Startap və İnnovasiya Mərkəzinin bir çox layihələri olduğunu vurğulayıb. Rektor M.Babanlı startap məktəbini daha da genişləndirmək və daha çox tələbə cəlb etmək üçün magistr pilləsində xüsusi fənnin tədris olunmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, birinci və ikinci yerə layiq görülən ADNSU komandaları mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək.