Card image cap

UFAZ-da ActInSpace yarışmasının ilk görüşü keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 25 və 26 may tarixlərində keçiriləcək beynəlxalq ActInSpace müsabiqəsinin ilk tanışlıq görüşü olub.

Tədbirdə müsabiqənin təşkilatçıları, Bakının İT, Maliyyə və digər sektorlardan olan ekspertlər, biznes məşqçiləri, həmçinin komandalar və  müsabiqə ilə maraqlanan digər ali təhsil müəssisəsələrinin tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə açan UFAZ-ın baş katibi Şarlotta Payen beynəlxalq yarışmanın əhəmiyyətindən söz açıb və Azərbaycanda ilk dəfə keçiriləcək müsabiqəyə UFAZ-ın ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Daha sonra müsabiqədən bəhs edən video təqdimat nümayiş olunub.

ActInSpace yarışması haqqında geniş məlumat verən “Khazar Ventures” şirkətinin həmtəsisçisi və müsabiqənin eksperlərindən biri Məmməd Kərim UFAZ tələbələrinin startap layihələrindən danışıb və onların müsabiqədə aktiv iştirak etdiyini deyib. O, həmçinin yarışmanın gənclərin ideyalarına dəstək verilməsində, yüksək texnologiyaların inkişafı üçün önəmli olan innovativ mühitin formalaşdırılmasında və innovativ sahibkarlığın qurulmasına dəstək verilməsindəki önəminindən söz açıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki,  UFAZ  25 və 26 may tarixlərində CNES, ESA və ESA BIC Sud France təşkilatlarının birbaşa iştirakı ilə kosmik proqramlara həsr edilmiş beynəlxalq nüfuza malik olan ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək. Artıq müxtəlif universitetlərdən 100-dən artıq tələbə bu unikal yarışmada iştirak etmək üçün qeydiyyatdan keçib. Qalib komanda iyunun 27-i Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluz şəhərinə göndəriləcək. Müsabiqənin əsas məqsədi fəza ilə maraqlananlar və digər vətəndaşlara komandalara bölünərək patentlər əsasında problemlər, proqram təminatı, verilənlər bazası və ya kosmik infrastruktur məsələlərini həll edərək sahibkarlığın inkişaf etdirilməsi və əlaqələrin qurulmasını özündə ehtiva edir.