Card image cap

UFAZ-da açıq qapı günü keçirilib

İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) abituriyentlər, onların valideyinləri və UFAZ-da təhsillə maraqlananlar üçün açıq qapı günü keçirilib.

Tədbir UFAZ haqqında videoçarxın nümayişi ilə başlayıb. UFAZ-ın direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen universitet haqqında təqdimatla çıxış ediblər. Sonra tədbir iştirakçılarına UFAZ-a qəbul prosesi və tədris proqramları haqqında ətraflı məlumat verilib.

Sonda UFAZ-a sənəd vermək istəyən abituriyentlər və onların valideynlərinin sualları cavablandırılıb.

Qeyd edək ki, UFAZ 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-Fransız Universitetinin yaradılmasına dair sərəncam imzalayıb. UFAZ-da bütün ixtisaslar üzrə tədris 1 il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.