Card image cap

ADNSU-nun rektoru ActInSpace beynəlxalq yarışının qalibi olan UFAZ tələbələri ilə görüşüb

İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən ActInSpace beynəlxalq müsabiqəsində qalib gələrək Fransanın Tuluza şəhərində keçiriləcək beynəlxalq final mərhələsində iştirak hüququ qazanmış tələbələrlə görüşüb.

Tələbələri qələbə münasibətilə təbrik edən rektor Mustafa Babanlı bu uğurun Fransada da davam edəcəyinə inandığını bildirib. Gənclərin ADNSU və UFAZ-ı beynəlxalq final mərhələsində layiqincə təmsil edəcəklərindən şübhə etmədiyini deyən rektor M.Babanlı onlara öz tövsiyələrini verib.

UFAZ-ın icraçı direktou, dosent Vazeh Əsgərov və baş katibi Şarlotta Payen tələbələrə uğurlar arzu edib, onlara göstərilən ümidləri doğruldacaqlarına inandıqlarını bildiriblər.

Qeyd edək ki, UFAZ  25 və 26 may tarixlərində CNES, ESA və ESA BIC Sud France təşkilatlarının birbaşa iştirakı ilə kosmik proqramlara həsr edilmiş beynəlxalq nüfuza malik olan ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edib. UFAZ-ın “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, “Tensor Science” komandası isə ikinci yerin sahibi olub. Qalib komanda iyunun 27-i Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.