Card image cap

ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı İspaniyada beynəlxalq festivalda iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Gənclik” mahnı və rəqs ansamblı Folklor Festival və İncəsənət Təşkilatlarının Beynəlxalq şurasının (CIOFF) təşkilatçılığı ilə İspaniyada keçirilən festivalda 24 nəfərlik nümayəndə heyəti ilə iştirak edir. Səfər çərçivəsində ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı festivalın açılış mərasimində iştirak edib, həmçinin İspaniyanın Lorka, Sevilya və Badaxos şəhərlərində və digər bölgələrində konsert proqramı ilə çıxış ediblər. Festivalda İspaniyanın iki yerli ansamblı və Meksika, Keniya, Seneqal, Azərbaycan, Polşa, Portuqaliya, Slovakiya, Belarus və Argentinadan olan nümayəndələr iştirak edib.

Qeyd edək ki, ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı Azərbaycanın ən uğurlu milli rəqs ansambllarından biridir. Yarıməsrlik tarixə malik bu ansambl 1965-ci ildə rəsmi olaraq fəaliyyətə başlayıb. Ancaq “Gənclik” dərnək kimi daha əvvəldən fəaliyyət göstərib. Ansamblın bədii rəhbəri, əməkdar artist Sənan Hüseynovdur. Son 7 ildə ADNSU-nun ansamblı “Təhsil Nazirliyi” və “Gənclər və İdman Nazirliyi”nin təşkil etdiyi bütün müsabiqə və festivallardan birincilik əldə edərək geri dönür. 2016-cı ilin aprel ayında isə “Gənclik” Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalının birincisi olub.