Card image cap

ADNSU-da İspaniyadan festivaldan qayıtmış “Gənclik” ansamblının nümayəndələri ilə görüş keçirilib

İyulun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Folklor Festival və İncəsənət Təşkilatlarının Beynəlxalq Şurasının (CIOFF) təşkilatçılığı ilə İspaniyada keçirilmiş festivalda iştirak etmiş universitetin “Gənclik” mahnı və rəqs ansamblının nümayəndələri ilə görüşüb. Görüşdə ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev, “Gənclik” mahnı və rəqs ansamblının bədii rəhbəri, respublikanın əməkdar artisti Sənan Hüseynov və ansamblın üzvləri iştirak edib.

Səfər zamanı “Gənclik” ansamblının İspaniyanın 3 şəhərində konsert proqramı ilə çıxış etdiyini bildirən N.Gəncəyev ansamblın elə ilk konsertdən etibarən tamaşaçıların rəğbətini qazandığını qeyd edib. O iştirakçılar arasında ən gənc ansamblın məhz “Gənclik” olduğunu qeyd edərək festivalın ən fəal üzvləri nominasiyası üzrə mükafatına ADNSU-nun ansamblının üzvlərinin layiq görüldüyünü deyib. Bütün üzvləri yalnız tələbələrdən ibarət olan yeganə ansambl olaraq həm ölkəni, həm də ADNSU-nu layiqincə təmsil etdiklərini qeyd edən N.Gəncəyev bu sahədə kollektivə göstərdiyi dəstəyə görə rektor M.Babanlıya təşəkkürünü bildirib.

Ansamblın uğurlarında bədii rəhbər, əməkdar artist Sənan Hüseynovun rolunun danılmaz olduğunu qeyd edən rektor, professor Mustafa Babanlı kollektivi uğurlu çıxışları münasibətilə təbrik edib. Onların uğurunun bilavasitə ADNSU-nun uğuru olduğunu qeyd edən rektor bu sahədə onlara hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.

Görüş zamanı ansamblın üzvləri rektora öz səfər təəssüratlarını danışıb və təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, səfər çərçivəsində ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı festivalın açılış mərasimində iştirak edib, həmçinin İspaniyanın Lorka, Sevilya və Badaxos şəhərlərində və digər bölgələrində konsert proqramı ilə çıxış edib. Festivalda İspaniyanın iki yerli ansamblı və Meksika, Keniya, Seneqal, Azərbaycan, Polşa, Portuqaliya, Slovakiya, Belarus və Argentinadan olan nümayəndələr iştirak edib.