Card image cap

ADNSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

ADNSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib
Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev bu cür layihələrin gənclər üçün yaratdığı imkanlardan danışıb və tələbələri proqramda fəal iştirak etməyə çağırıb.
“Bir” Tələbə-Könüllü Proqramının Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradıldığını bildirən proqramın meneceri Canoğlan İlyasov layihə haqqında geniş məlumat verib, proqramın tələbələr üçün yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə imkan yaratdığını bildirib.
Sonra tələbələr üçün altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. haqqında videoçarx nümayiş olunub.
Sonda tədbirin aparıcısı Seyran Babayev tərəfindən tələbələr üçün viktorina keçirilib.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb.