Card image cap

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qaydada keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan 462 abituriyent UFAZ-a qəbul imtahanında iştirak edib.

UFAZ-a qəbul imtahanında müvəfəqiyyət qazanmış abituriyentlərdən DİM-in keçirdiyi imtahanlarda ən aşağı bal toplamış abituriyentin 508 balı olub. Qəbul imtahanında iştirak edən 3 abituriyent DİM-in keçirdiyi imtahanlarda 695 bal toplayıblar. UFAZ-ın tələbəsi olmaq hüququnu qazanmış tələbələrin DİM-in keçirdiyi imtahanlarda topladıqları orta bal 628,5-dir.

İyulun 25-də keçirilən qəbul imtahanında abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar. Tələbələrin bilikləri 100 ballıq şkala üzrə qiymətləndirilib. Ən yüksək nəticəni 72,5 bal göstərici ilə DİM-in keçirdiyi imtahanlarda 695 bal toplamış abituriyent qazanıb.

Qəbul imtahanlarında müvəffəqiyyət qazanmış abituriyentlər Azərbaycan-Fransız Universitetində təhsil almaq istədiklərini təsdiqlədikdən sonra UFAZ-ın tələbəsi statusunu qazanacaqlar. Azərbaycan-Fransız Universitetinə qəbul imtahanlarında müvəffəqiyyət əldə etmiş tələbələrdən hər hansı biri əgər burada təhsil almaq istəyini təsdiqləməzsə, sıra ilə növbəti yaxşı nəticəni göstərmiş abituriyent UFAZ-ın tələbəsi olmaq imkanı əldə edir.

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Nəticələrdən qane olmayan abituriyentlər üçün iyulun 28-də appelyasiyaya müraciət etmək imkanı yaradılıb.

UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Əvvəlki illərlə müqayisədə bu il UFAZ-a qəbul imtahanında rekord sayda abituriyent iştirak edib.

Hazırda UFAZ-da 283 tələbə təhsil alır.

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər.

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikası Prezidenti Azərbaycan-Fransız Universitetinin yaranması barədə Sərəncam imzalayıb.

UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.