Card image cap

ADNSU-da açıq qapı günü keçirilib

Martın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) açıq qapı günü keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyəti, eləcə də tələbə və valideyinlər iştirak edib.

Rektor, prof. M.Babanlı tədbir iştirakçılarını salamlayaraq 2016-2017-ci tədris ilinin birinci yarısının yekunları, ali məktəbdə həyata keçirilən islahatlar haqqında məlumat verib. Bu tədris ilində tələbələrin müvəffəqiyyət göstəricilərinin yüksəldiyini deyən rektor M.Babanlı imtahanların tədricən yazılı-şifahi formada keçiriləcəyini qeyd edib.

Universitetin anti-plagiat sisteminə qoşulduğunu deyən rektor, prof. Mustafa Babanlı tələbələrin buraxılış işlərinə ciddi hazırlaşmasını tövsiyə edib.

Rektor bu il ADNSU-da magistratura və doktorantura pillələrində ən yüksək qəbulun həyata keçirildiyini vurğulayıb və bu tendensiyanın davam etdiriləcəyini söyləyib.

Universitetin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirildiyini qeyd edən rektor, prof. Mustafa Babanlı dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq edildiyini bildirib: “Bizim bir çox xarici universitetlərlə bağladığımız əməkdaşlıq müqavilələri çərçivəsində tələbələrimiz təhsillərini Zigen Universiteti, Ufa Dövlət Neft Texniki Univeristeti, Orta Doğu Texniki Universiteti, Ren 1 Universiteti, Lester Universiteti və başqa ali məktəblərdə davam etdirirlər. Biz gələcəkdə bu əlaqələri daha da inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq”.

Rektor Mustafa Babanlı həmçinin gündəlik təcrübə proqramının universitetdə tətbiq olunması, tələbələrlə təlim-tərbiyə işinin aparılması, ADNSU-da gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr və s. haqqında məlumat verib.

Tədbirdə payız semestrində kurslar üzrə ən yüksək nəticə göstərən qruplara 1000 azn miqdarında pul mükafatı təqdim olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.