Card image cap

ADNSU-da İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib

Sentyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə  fakültəsinin (İTİF) birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə və tələbələr iştirak edib.

Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru A.Babayev gəncləri tələbə adını qazanmaları münsibətilə təbrik edib və onlara uğurlar arzulayıb. Tələbələri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edən dosent Ata Babayev hər kəsi bu qaydalara əməl etməyə çağırıb.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri N.Gəncəyev universitetin tanınmış məzunları, tarixi və ixtisaslar haqqında gənclərə geniş məlumat verib. Universitetdə tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün fəaliyyət göstərən “Gənclik” mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar” klubu, Debat və İdman klubları haqqında çıxış edib. Həmçinin universitetin 12 idman növü üzrə (futbol, basketbol, voleybol, stolüstü tennis, güləş, cüdo, üzgüçülük, şahmat, dama və s.) idman klublarının fəaliyyət göstərdiyini qeyd edən N.Gəncəyev tələbələri universitetin ictimai həyatında fəal iştiraka və burada fəaliyyət göstərən dərnəklərə qoşulmağa çağırıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə tələbələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin adından salamlayıb və onları tələbə adını qazanmaları münasibətilə təbrik edib. M.Cəfərzadə tədbir iştirakçılarını təmsil etdiyi təşkilatın qayəsi, məqsədləri haqqında məlumat verib. Tələbələrə dərslərində diqqətli olmağı tövsiyə edən M.Cəfərzadə onların gələcəkdə Azərbaycanın inkişafına öz töhfələrini verəcəyinə inandığını bildirib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.