Card image cap

ADNSU kollektivi Fəxri Xiyabanda görkəmli alim Azad Mirzəcanzadənin məzarını ziyarət edib

Sentyabrın 29-da Azərbaycanın görkəmli alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Mirzəcanzadənin anadan olmasının 90 illiyi tamam olur. Bununla əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kollektivi Fəxri Xiyabanda alimin məzarını ziyarət ediblər. Ziyarətçilər arasında ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, həmçinin akademik Azad Mirzəcanadənin ailə üzvləri, iş yoldaşları, tələbələri və başqa yaxınları iştirak edib. Görkəmli alimin məzarı önünə gül dəstələri qoyulub, onunla bağlı xatirələr yada salınıb.

Qeyd edək ki, Azad Xəlil oğlu Mirzəcanzadə 1928-ci ildə 29 sentyabrda Bakıda anadan olub. Ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. Alim 1959-cu ildə professor adını alıb, 1962-ci ildə AMEA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.

Azad Mirzəcanzadə 2006-cı ildə 78 yaşında vəfat edib.