Card image cap

ADNSU-da “Bir” Tələbə-Könüllü Proqramı tələbələrə təqdim edilib

Oktyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci kurs tələbələrinin iştirakı ilə “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “Bir” Tələbə-Könüllü Proqramının məqsədi, əhəmiyyəti və gənclər üçün yaratdığı imkanlardan danışıb və tələbələri könüllü olmağa, layihədə fəal iştirak etməyə çağırıb.

Daha sonra “Bir” Tələbə-Könüllü Proqramı haqqında və proqram çərçivəsində  altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərən təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. haqqında videoçarx nümayiş olunub. Layihə haqqında tələbələrə geniş məlumat verilib, proqramın tələbələr üçün yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə imkan yaratdığı qeyd edilib.

Sonda tələbələr üçün viktorina keçirilib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb.