Card image cap

XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində ADNSU ilə əməkdaşlıqda maraqlı olan şirkətlərlə görüşlər keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov və İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov oktyabrın 11-də işinə başlayan XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiriblər.

Çexiyanın Qərbi Bohemiya Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı Miloş Jelezniy ilə görüşdə tədris və elmi sahədə əməkdaşlığa dair müzakirələr aparılıb. Dekan Miloş Jelezniy təmsil etdiyi ali məktəb haqqında məlumat verərək, 1991-ci ildən fəaliyətə başlayan Qərbi Bohemiya Universitetinin dövlət ali təhsil müəssəsisi olduğunu və burada 11 minədək tələbənin təhsil aldığını bildirib. O universitetin tədris və elmi araşdırmaları üçün ən müasir laboratoriyalara malik olduğunu qeyd edərək ADNSU ilə tədris və elm sahəsində mübadilənin aparılmasına maraqlı olduqlarını qeyd edib. Dekan M.Jelezniy ikitərəfli və eyni zamanda Beynəlxalq Kredit Mobilliyi layihəsi çərçivəsində əməkdaşlığın mümkün olduğunu bildidirb. ADNSU-nun prorektoru, dosent Qasım Məmmədov öz növbəsində ADNSU-da tədris prosesi və elmi sahədə görülən işlər barədə məlumat verib və universitetin Qərbi Bohemiya Universiteti ilə əməkdaşlığa hazır olduğunu qeyd edib. ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov universitetdə 500-dək əcnəbi tələbənin təhsil aldığını və hazırda onların sayının artırılması istiqamətində aparılan işlər barədə məlumat verib. O ADNSU-da 20-dən artıq ölkədən əcnəbi tələbənin təhsil aldığını, onların arasında avropalı tələbələrin də olduğunu qeyd edərək ADNSU ilə Qərbi Bohemiya Universiteti arasında tələbə mübadiləsinin aparılmasının mümkün olduğunu bildirib. Görüşdə tərəflər əməkdaşlığa dair danışıqların davam etdirilməsinə dair razılıq əldə ediblər.

Cənubi Ural Dövlət Universitetinin “Uçtex-Profi” Elmi-İstehsalat İnstitutunun direktor müavini Anna Klistorner ilə görüşdə əsas müzakirə mövzusu tədris və elmi işlər üçün laboratoriya və digər avadanlıqlar olub. O institutun istehsal etdiyi avadanlıqların müasir dünya standartlarına uyğun olduğunu qeyd edib. ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov müasir tədris və elmi işlər üçün avadanlıqların universitet üçün maraq kəsb etdiyini qeyd edərək “Uçtex-Profi” Elmi-İstehsalat İnstitutunun nümayəndələri ilə ADNSU-da oktyabrın 12-də keçirilməsi planlaşdırılan görüşün bu baxımdan faydalı ola biləcəyini bildirib.

CELT Colleges şirkətinin nümayəndəsi Xəyyam Dəmirovla görüşdə Türkiyədən və İrandan olan gənclərin ADNSU-da təhsil alması məsələri müzakirə olunub. CELT Colleges şirkəti ADNSU-ya adı çəkilən ölkələrdən tələbələrin cəlb edilməsi işində vasitəçilik xidməti göstərməyə hazır olduğunu bildirib. ADNSU-nun tədris işləri üzrə prorektor Qasım Məmmədov universitetdə daha çox əcnəbi tələbənin təhsil almasını prioritetlərdən biri kimi dəyərləndirib. Görüşdə məsələ ilə bağlı ADNSU-nun Əcnəbi tələbələr üzrə Dekanlığının da iştirakı ilə ətraflı müzakirələrin aparılmasına dair razılıq əldə olunub.

Dərs Evi şirkətinin Marketinq Kommunikasiyaları üzrə meneceri Günay Rəsulova ilə görüşdə şirkətin təşkil etdiyi kurslarda iştirak edən yuxarı sinif şagirdlərinin ADNSU-ya ekskursiyalarının, eləcə də ADNSU tələbələri üçün güzəştli şərtlərlə ingilis dili kurslarının təşkili məsələsi müzakirə olunub. ADNSU-nun tədris işləri üzrə prorektor Qasım Məmmədov hər iki məsələ ilə bağlı ADNSU-nun əməkdaşlığa hazır olduğunu bildirib. O bununla bağlı razılığın əldə olunması üçün şirkət nümayəndələrini ADNSU-ya dəvət edib.

Avropada Karyera şirkətinin nümayəndələri ilə görüşdə ADNSU məzunlarının Çexiyada işə düzəlməsinə dair müzakirələr aparılıb. ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru universitetin məzunlarının işlə təmin olunması göstəricisinin yüksək olduğunu, 2018-ci ildə məzun olmuş 515 magistrantdan 506-nın hələ təhsil aldıqları müddətdə öz ixtisasları üzrə işlə təmin olunduqlarını bildirib. Bununla yanaşı, direktor ADNSU-nun daha çox tələbənin işlə təmin olunması üçün universitetdə Məzun-Karyera Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edərək, universitetdə keçirilən Məzun-Karyera sərgilərinin sayəsində yüzlərlə ADNSU məzunu və tələbəsinin işlə təmin olunduğunu və ya istehsalat təcrübəsində iştirak etdiyini nəzərə çatdırıb. Görüşdə Avropada Karyera şirkətinin ADNSU tələbələri üçün təqdimatının keçirilməsinə, eləcə də növbəti Məzun-Karyera sərgisində iştirakına dair razılıq əldə olunub.

ADNSU XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində təşkil olunan ikitərəfli görüşlərdə fəal iştirak edib və Sertifikatla təltif olunub.