Card image cap

ADNSU-nun professoru və tələbəsi Rusiyada beynəlxalq konfranslarda iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Univrsitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev 1-3 oktyabr tarixlərində M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetində Rusiya Federasiyasının əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Y.T.Sultanayevin 70 illik yubileyinə həsr olunmuş “Spektral nəzəriyyə və qarışıq məsələlər” adlı beynəlxalq konfransda iştirak edib. O konfransda “Elastiklik nəzəriyyəsi məsələsini modelləşdirən dördüncü tərtib operator-diferensial tənliyin həll olunması haqqında” mövzusunda plenar məruzə ilə çıxış edib.

4-7 oktyabr tarixlərində professor Araz Əliyev və “Kompüter elmləri” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Elnur Əlimirzəyev Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialında keçirilən “Mathematical modeling of processes and systems” adlı VIII beynəlxalq gənc elmi-praktiki konfransın işində iştirak ediblər. Bu konfransda da ADNSU-nu təmsil edən nümayəndələrə plenar iclasda məruzə ilə çıxış etmək təklif olunub. Öncə professor Araz Əliyev məruzə haqqında qısa məlumat verib, sonra isə tələbə Elnur Əlimirzəyev “Computer model of solving the problem of routing traffic in the distributed system” mövzusunda geniş məruzə edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və konfransın ən yaxşı çıxışı kimi qiymətləndirilib. Başqırdıstan Dövlət Televiziyası professor Araz Əliyev və tələbə Elnur Əlimirzəyevdən müsahibə götürüb.

Ezamiyyət zamanı professor Araz Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Başqırdıstan Dövlət Universiteti və M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin əməkdaşları ilə elmi müzakirələr aparıb və gələcəkdə birgə elmi araşdırmaların aparılmasına dair razılıq əldə olunub.