Card image cap

“AstroUFAZ” komandası “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsində mükafatlandırılıb

Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət “AstroUFAZ” komandası Təhsil Nazirliyi və “Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsinin final mərhələsində “Ən yaxşı komanda işi” nominasiyası üzrə sertifikatla təltif olunub.

Müsabiqədə Azərbaycanın 11 universitetindən  mexanika və kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və s. texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət 31 komanda iştirak etsə də final mərhələsinə aralarında UFAZ-ın “AstroUFAZ” komandasının da olduğu yalnız 10 komanda yüksələ bilib.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev, Kosmik Məsələlər üzrə Şuranın həmsədri, akademik Roald Saqdeyev, “Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev və UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov iştirak edib.

Komandalar hazırladığı 500 qramlıq peyk modellərini daşıyıcı vasitəsilə 400 metrdən havaya buraxıb. Buraxılan modellər tələbələrin hazırladıqları xüsusi proqram təminatı vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya göndərərək uçuş müddətində peyk modelindən şəkillərin çəkilməsini həyata keçirib. Daha sonra komandalar əldə etdikləri  nəticələri münsiflər heyəti qarşısında təqdim ediblər.

Peyk modellər ilə tanış olan münsiflər heyəti final mərhələsində uğur qazanan və fərqlənən komandalara sertifikat və qiymətli hədiyyələr təqdim edib.

Daha sonra, “AstroUFAZ” komandasının “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsində iştirakına verdiyi dəstəyə görə UFAZ-a təşəkkürnamə verilib. Təşəkkürnamə təhsil naziri Ceyhun Bayramov tərəfindən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərova təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən “CanSat Azərbaycan 2018” müsabiqəsinin əsas məqsədi ölkədə tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.