Card image cap

ADNSU-da 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunub

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Rektor, professor Mustafa Babanlı toplantı iştirakçılarını bayram münasibətilə təbrik edərək 18 oktyabr təqvim gününün tariximizin ən əlamətdar hadisələrindən biri kimi səciyyələndirib. O müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi və iqtisadi böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü ilə üzləşdiyini söyləyib. Rektor Mustafa Babanlı xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində ölkəmizin dünyanın siyasi xəritəsindən silinmək və vətəndaş müharibəsi kimi təhlükələrdən xilas edildiyini qeyd edib. Müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu barədə danışan rektor, professor M.Babanlı bu müstəqilliyin əbədi  olması üçün hər bir vətəndaşın üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb. İctimai Fənlər kafedrasının müdiri, professor Camal Mustafayev dövlətimizin müstəqillik yolunda verdiyi qurbanlardan söz açıb və qeyd edib ki, müstəqilliyin qorunması hər bir Azərbaycan vətəndaşının bir nömrəli vəzifəsidir. Dövlət müstəqilliyimizin sarsılmaz köklərə dayandığını söyləyən Camal Mustafayev Azərbaycanın bu günkü inkişaf yolunun ulu öndərin məhz o zaman müəyyən etdiyi siyasi xəttin prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.