Card image cap

VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən fransalı nümayəndə heyəti UFAZ-da olub

Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində öz işinə başlayan VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən fransalı nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.

Tədbirdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov, baş katib Charlotte Payen, təhsil şöbəsinin müdiri Lətifə Nəsibova, UFAZ-ın elmi eksperti, Strasburq Universitetinin professoru Pierre Collet,  Fransanın İctimai siyasət və kommunikasiya şirkətinin prezidenti Jean de Belot,  Kavalier Plama Akademiyasının professoru Annie d’Esquerre, Hermine Communication şirkətinin Direktoru Laurent Poultier du Mesnil və Astarte International şirkətinin səfiri, Səfirlər klubu və Yeni Dünya Birliyinin prezidenti Jean-Daniel Tordjman iştirak edib.

UFAZ-ın auditoriyaları, laboratoriya və maddi-texniki bazası ilə tanış olduqdan sonra qonaqlara UFAZ-ın təhsil sistemi, tədris olunan ixtisaslar və tələbə həyatı haqqında video təqdimat nümayiş olunub.

Görüşdə fransız nümayəndə heyəti üzvləri tərəfindən tələbə qəbul prosesi, UFAZ və şirkətlər arasındakı əlaqələr və gələcək perspektivlər barədə müxtəlif suallar verilib.

UFAZ haqqında öz müsbət təəssüratlarını bölüşən qonaqlar ali təhsilin inkişafı və modernləşməsində Azərbaycan hökumətinin dəstəyinin yüksək səviyyədə olduğunu görməkdən məmnunluq duyduqlarını vurğulayıblar.