Card image cap

ADNSU-nun rektoru Moskvada ÜAK-ın rəhbərliyi ilə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Moskvada İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində keçirilmiş konfransda iştirakı çərçivəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti, tanınmış ictimai xadim, professor Fazil Qurbanov başda olmaqla ÜAK-ın rəhbər heyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə ADNSU rektoru Mustafa Babanlı ÜAK-ın təşəbbüsü və təşkilati dəstəyi ilə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində azərbaycanlı alimlərin Rusiya və bütövlükdə dünya neft-qaz sənayesinə verdiyi töhfəyə həsr olunmuş konfransın əhəmiyyətini vurğulayıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gələcəkdə də ÜAK-ın Azərbaycan elminin təbliğinə həsr olunmuş layihələrində yaxından iştirak etməyə hazır olduğunu qeyd edib.

ÜAK prezidenti, professor Fazil Qurbanov ADNSU-nun rektoru, professor Mustafa Babanlıya konfransda təqdim etdiyi “Neft kadrlarının yetişdirildiyi dünya miqyaslı mərkəz” adlı məruzəsinə görə təşəkkürünü bildirib. ÜAK-ın prezidenti Fazil Qurbanov Azərbaycan elminin təbliği istiqamətində tədbirlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini qeyd edərək azərbaycanlı tələbələrin və gənc alimlərin Rusiyada təhsil alması və elmi araşdırmalar aparması işinə daima dəstək verməyə hazır olduğunu vurğulayıb.