Card image cap

ADNSU-nun həmtəsisçiliyi ilə Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası yaradılıb

Oktyabrın 26-da Azərbayan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" mövzusunda keçirilən "dəyirmi masada” təmsil olunub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı, "Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində" mövzusunda keçirilən paneldə moderator olub.

"Dəyirmi masa" çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı keçirilib. Azərbaycanda təhsil almış əcnəbi məzunlar birləşdirən təşkilatın təsisçiləri ADNSU, ADA Universiteti  və Azərbaycan Dillər Universiteti olub.

Qeyd edək ki, tədbirdə vaxtilə Azərbaycanda təhsil almış 25 ölkəni təmsil edən 60-dan çox əcnəbi tələbə, İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ali təhsil müəssisələrində təhsil qrantlı proqramlar çərçivəsində hazırda ölkəmizdə təhsil alan əcnəbi tələbələr, dövlət və hökumət rəsmiləri, ali məktəblərin rəhbərləri, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.