Card image cap

İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi UFAZ-da olub

Oktyabrın 29-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi  Mauro Dell’Ambrogio Azərbaycana rəsmi səfəri çərçivəsində “İsveçrədə Təhsildən İnnovasiyaya” mövzusunda mühazirə ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ)  çıxış edib.

Mühazirədə İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Filip Ştalder, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Bababanlı, UFAZ-ın icraçı direktoru,  dosent Vazeh Əsgərov və UFAZ-ın baş katibi Şarlot Payen iştirak edib.

Mühazirədən əvvəl UFAZ-ın binası ilə yaxından tanış olan qonaqlara universitet haqqında məlumat verilib.

Qonaqları salamlayan və onları burada görməkdən məmnunluq duyduğunu qeyd edən UFAZ-ın icraçı direktoru Vazeh Əskərov mühazirənin tələbələr üçün faydalı olacağına inandığını bildirib.

İsveçrədəki təhsil sistemindən danışan dövlət katibi Mauro Dell’Ambrogio burada 15 yaşa qədər təhsilin hər bir uşaq üçün məcburi olduğunu, lakin bundan sonra şagirdlərin əksər hissəsinin (70%) peşə təhsili və təlimlərinə yönəldiklərini qeyd edib. Bu məktəblərin gələcəyin ixtisaslarına uyğun şagirdlər yetişdirdiyini vurğulayan dövlət katibi onların burada təhsil almaqla yanaşı həm də öz bacarıqlarını inkişaf etdirmək şansı əldə etdiklərini bildirib. Bu sistemin uğurlarından bəhs edən dövlət katibi Mauro Dell’Ambrogio İsveçrənin hazırki Maliyyə nazirinin və digər görkəmli şəxslərinin də bu məktəblərdən məzun olduğunu qeyd edib.

Sonda dövlət katibi Mauro Dell’Ambrogio tələbələri maraqlandıran sualları cavablandırıb.