Card image cap

ADNSU tələbələri YAP-ın yaradılmasının 26 illiyi münasibətilə təşkil olunan konfransda iştirak ediblər

Noyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illiyi münasibətilə gənclərin birinci elmi-praktik konfransı keçirilib. Konfransda iştirak etmək üçün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Gənclər Birliyinin üzvləri olan 200-dən çox gənc tədqiqatçı və gənc alim tezislərlə müraciət edib.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova və universitetin 20 nəfər tələbəsi iştirak edib.

Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının artıq bu gün İlham Əliyevin sədrliyi ilə həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrildiyini deyib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov YAP Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib, gənclərin partiya üzvlərinin 40 faizini təşkil etdiyini diqqətə çatdırıb.

Plenar iclasla başlayan konfrans öz işini üç sessiyada davam etdirib. Sessiyalar humanitar elmlər, texniki elmlər, təbiət və tibb elmlərinə həsr olunub.