Card image cap

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinin (UFAZ) ilk idarəçilik iclası keçirilib. İclasda Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Muxtar Məmmədov, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez,  ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq  Universitetinin (Unistra) vitse-prezidenti Benoît Tock, UFAZ-ın direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen  və digərləri iştirak edib.

İclasda idarəçiliyin keçirilməsi qaydaları, üzvlərin, tədris planlarının, daxili qaydaların, maliyyə məsələlərinin müəyyənləşdirilməsi, təsdiqi və digər məsələlər müzakirə olunub. Bunlarla yanaşı iclasda UFAZ-ın Daxili Nizamnaməsinin təsdiq edilməsi, növbəti tədris ili üçün UFAZ-a yerli və xarici tələbələrin qəbul mexanizmi, UFAZ Fondunun yaradılması, UFAZ-ın növbəti tədris ili üçün nəzərdə tutulmuş maliyyə xərclərinin müzakirəsi geniş şərh olunub.

Yarım gün davam edən görüşün sonunda ADNSU ilə Unistra arasında UFAZ-ın Elmi Komitəsinin formalaşdırılması və Unistranın UFAZ üzrə mütəxəssislərinə uyğun bir neçə müqavilə də imzalanıb.

Qeyd edək ki, idarəçilik iclası hər akademik ildə 1 dəfə keçirilir. İclasda komitənin 5 üzvü  iştirak edir. Komitə üzvləri tərəflərin təmsilçilərindən ibarətdir. Komitənin tərkibi beş nəfərdən təşkil olunub (ADNSU 1 nəfər - rektor və ya səlahiyyətli nümayəndəsi, Strasburq Universiteti 1 nəfər - rektor və ya səlahiyyətli nümayəndəsi,  Fransa səfirliyi 1 nəfər - səfir, AR Təhsil Nazirliyi 2 nəfər). Xatırladaq ki, UFAZ-ın İcraçı Direktoru, Baş Katibi və Strasburq Universitetinin UFAZ üzrə Kordinatoru Komitənin iclaslarında iştirak edir lakin səsvermə hüququna malik deyillər. İclasa digər maraqlı tərəflər də iştirak etmək üçün dəvət oluna bilərlər.