Card image cap

ADNSU-nun İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi Tədqiqat İnstitutunun “Wattbooster” qurğusu prezident İlham Əliyevə təqdim edilib

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı zamanı “İNNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi Tədqiqat İnstitutunun Elm və İxtiraçılıq mərkəzinin rəhbəri Valeh Arifzadənin müəllifi olduğu “Wattbooster” elektrik enerjisinə qənaət qurğusu prezident İlham Əliyevə və vitse prezident Mehriban Əliyevaya təqdim edilib.

Prezident İlham Əliyev bu qurğunun məişətdə tətbiq edilmə imkanı ilə maraqlanmış və qurğunun müəllifi Valeh Arifzadə bunun nəinki məişətdə, həmçinin elektrik stansiyası şəklində də qurula biləcəyini qeyd edib. Bu cür yüksək göstəricilərə malik olan enerjiyə qənaət qurğusunun məhz Azərbaycanda Elmi Tədqiqat İnstitutununda hazırlanmasına görə cənab prezident İlham Əliyev və vitse prezident Mehriban Əliyeva xoş təəssüratlarını ifadə etmişlər.

“Wattbooster” qurğusu elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsi hesabına daha çox elektrik enerjisi istehsal edir. Nəticədə qurğu elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət edir. İlk öncə bu qurğu mobil operatorların antenalarının elektrik enerjisi sərfiyyatının azaldılması üçün nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeçiliyində olan Elektron Hökümətin İnkişafı Mərkəzinin yeni inzibati binasında “İNNOLAND” inkubasiya və akselerasiya mərkəzi yaradılıb. “İNNOLAND” ölkədə innovativ mühitin yaradılması, startap və innovativ sahibkarlığın inkişafı, yeni texnologiyaların geniş yayılması istiqamətində fəaliyyətin təşkili məqsədi ilə yaradılıb. “İNNOLAND” inkubasiya və akselerasiya mərkəzi Azərbaycanda innovasiya ekosisteminin bütün iştirakçılarının cəlb edilməsi yolu ilə innovasiya fəaliyyətinin stimullaşdırılması və uğurlu startapların yaradılmasını, beynəlxalq rəqabətə davamlı innovativ məhsul və xidmətlərin istehsalını təşviq edəcək.  “İNNOLAND” da startapçılara ilkin ideyadan hazır innovativ məhsul və xidmət istehsalına qədər bütün mərhələlərdə dəstək göstərilməsi, innovasiya şirkətlərinin sayının və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində işlər həyata keçiriləcək.