Card image cap

Neft-mexanika fakültəsinin professor-müəllim heyəti BOS Şelf MMC-də olub

Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin professor-müəllim heyəti BOS Şelf MMC-də olub.

Görüşdə Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, fakültənin Elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov, “Mexanika” kafedrasının müdiri, professor Ələsgər Əliyev, “Neft-qaz istehsalı” kafedrasının müdiri, v.m.ə.e. Cəmaləddin Aslanov, “Maşınqayırma və materialşünaslıq” kafedrasının müdiri, dosent Tahir Cabbarov, BOS Şelf MMC-nin direktor müavini Nazim Hüseynov, İnsan resursları və təşkilati məsələlər üzrə baş menecer Qalib Həsənov, İnsan resursları üzrə menecer Cavanşir Əliyev və Təlim üzrə koordinator Nigar Mahmudova iştirak edib.

Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov ADNSU-da müxtəlif istiqamətlərdə həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. Universitetdə tədris prosesi, elmi işlər, beynəlxalq əlaqələr, startap hərəkatı, ingilisdilli ixtisaslar, Lazer Mərkəzi, mübadilə proqramları və s. barədə danışan Ə.Əhmədov ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa təhsil sisteminə uyğun tədris aparıldığını diqqətə çatdırıb. Son bir neçə ildə universitetdə təhsilin hər üç pilləsində (bakalavriat, magistratura və doktorantura) qəbulda yüksək nəticələrin qeydə alındığını bildirən Ə.Əhmədov bunu ADNSU-da aparılan düzgün tədris siyasətilə əlaqələndirib.

BOS Şelf MMC-nin direktor müavini Nazim Hüseynov şirkətin tarixi, həyata keçirdiyi layihələri, işçi heyəti və s. haqqında ətraflı məlumat verib. Bakı Dərin Özüllər Zavodunun 1978-ci ildə Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə inşa olunduğunu deyən Nazim Hüseynov “BOS Şelf” şirkətinin 2011-ci ildə zavodun ərazisində fəaliyyətə başladığını və o vaxtdan Xəzər dənizinin ən böyük obyektlərindən birinə çevrildiyini qeyd edib. Azİİ-nin (ADNSU) həmişə öz təhsil ənənəsi ilə fərqləndiyini söyləyən Nazim Hüseynov universitetlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə ADNSU tələbələrinin gündəlik təcrübə proqramı çərçivəsində BOS Şelf MMC-də təcrübə keçməsi, işə cəlb olunması, şirkətin təcrübəli mütəxəssislərinin “dəvətli professor” qismində universitetə dəvət olunması və s. istiqamətlərdə müzakirələr aparılıb.

Sonda müzakirə olunan məsələlərin həyata keçirilməsi üçün hər iki tərəfin iştirakı ilə işçi qrupunun yaradılması və görüşlərin davam etdiriməsi ilə bağlı barədə razılıq əldə olunub.