Card image cap

ADNSU-da görkəmli azərbaycanlı general Kərim Kərimov haqqında film nümayiş olunub

Dekabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan Kinosu Günləri” proqramı çərçivəsində növbəti tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçıları salamlayaraq Azərbaycan kinosunun tarixi və keçdiyi zəngin inkişaf yolunun əhəmiyyətindən söz açıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov  maraqlı və bir o qədər də mürəkkəb Azərbaycan kinosunun tarixi inkişafından söz açıb. Tədbir çərçivəsində ADNSU-da olmaqdan və zəngin ənənələri olan neft universitetində belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnun olduğunu deyən Y.Şeyxov milli kinolarımıza marağın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra tanınmış azərbaycanlı alim, artilleriya general-leytenantı və keçmiş Azİİ (indiki ADNSU) məzunu Kərim Kərimov haqqında Azərbaycanın Xalq artisti, kinorejissor Vasif Babayevin çəkdiyi  “Yüksəliş” filmi nümayiş olunub.