Card image cap

Neft-mexanika fakültəsinin professor-müəllim heyəti “Azərsu” ASC-də olub

Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin professor-müəllim heyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) olub.

Görüşdə Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, fakültənin Elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov, “Neft-qaz avadanlığı” kafedrasının dosenti Cəmaləddin Aslanov, “Maşınqayırma və materialşünaslıq” kafedrasının müdiri, dosent Tahir Cabbarov, “Mexanika” kafedrasının dosenti Fariz Qafarov, “Maşınqayırma və materialşünaslıq” kafedrasının dosenti Heybət Eldarzadə, “Azərsu” ASC-nin sədrinin müşaviri Çingiz Abdullayev, “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun baş elmi işçisi, t.e.d. Fazil Əbilov, İnsan Resursları şöbəsinin müdiri Namiq Mahmudov və Mexanika şöbəsinin nümayəndəsi Səbuhi Xəlilov iştirak edib.

ADNSU-nun nümayəndə heyətini rəhbərlik adından salamlayan “Azərsu” ASC-nin sədrinin müşaviri Çingiz Abdullayev təmsil etdiyi müəssisə haqqında qısa məlumat verib. “Azərsu” ASC-də ali məktəblərlə əlaqələrin inkişafına böyük önəm verildiyini deyən Çingiz Abdullayev ADNSU nümayəndələrini quruma daxil olan istehsal müəssisələrinə təşkil olunacaq səfər proqramı haqqında məlumatlandırıb.

Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov tədbir iştirakçılarına universitetdə son illərdə həyata keçirilən islahatlar haqqında danışıb. Son illərdə ADNSU-da təhsilin hər üç pilləsinə qəbulda yüksək nəticələrin qeydə alındığını bildirən Əli Hikmət Əhmədov kəmiyyətlə yanaşı keyfiyyət dəyişikliklərinin də olduğunu diqqətə çatdırıb. Ali məktəbdə tədris prosesi, elmi işlər, beynəlxalq əlaqələr, ingilisdilli ixtisaslar, Lazer Mərkəzi, istehsalat müəssisələri ilə əlaqələr, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti haqqında məlumat verən Ə.Əhmədov müxtəlif dövlət və özəl müəssisələrdə çalışan mütəxəssislərin “dəvətli professor” qismində universitetə dəvət olunduğunu qeyd edib.

Görüşdə tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.

Sonra ADNSU-nun professor-müəllim heyəti Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub. Ceyranbatan Su Təchizatı İdarəsinin rəisi Əhliman Mansurov və rəis müavini Oruc Bayramov kompleksdəki iş prosesi haqqında məlumat verib, qurğuların iş prinsipini izah edən təqdimat nümayiş etdirib. Bildirilib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 83,5 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri layihələri Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir.

Daha sonra nümayəndə heyəti “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında olub. Laboratoriyanın müdiri Elçin Əliyev burada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazlarının quraşdırıldığını bildirib. Qeyd olunub ki, bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür.

Sonda professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, “Azərsu” ASC istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.