Card image cap

ADNSU ilə Çinin Lanjou İncəsənət və Elm Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Dekabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Lanjou İncəsənət və Elm Universitetinin Partiya Komitəsinin katibi Yan Xiaohuinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU-nun tarixi, tədris prosesi, ixtisasları, beynəlxalq əlaqələri və s. haqqında ətraflı məlumat verib. 2000-ci ildən bəri universitetdən 595 çinli tələbənin məzun olduğunu deyən rektor, professor Mustafa Babanlı hazırda 47 Çin vətəndaşının burada təhsilini davam etdirdiyini qeyd edib. ADNSU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışan rektor, professor M.Babanlı tələbə-müəllim mübadiləsi və digər sahələrdə birgə əməkdaşlığın əhəmiyyətinə toxunub.

Səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkürünü bildirən  Lanjou İncəsənət və Elm Universitetinin Partiya Komitəsinin katibi Yan Xiaohui təmsil etdiyi ali məktəb haqqında məlumat verib. ADNSU ilə əməkdaşlığın əhəmiyyətini vurğulayan Yan Xiaohui ali məktəblər arasında bağlanacaq müqavilənin hər iki tərəfə böyük fayda gətirəcəyinə əminliyini ifadə edib.

Görüşdə ADNSU ilə Lanjou İncəsənət və Elm Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Daha sonra Lanjou İncəsənət və Elm Universitetinin nümayəndə heyəti ADNSU-da təhsil alan çinli tələbələrlə görüş keçirib.

Sonda qonaqlar ADNSU-nun tarix muzeyi ilə tanış olublar.