Card image cap

ADNSU-da akademik Tofiq Əliyevin 90 illiyinə həsr olunan elmi konfrans keçirilib

Dekabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, akademik Tofiq Əliyevin anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik Tofiq Əliyevin Azərbaycan xalqının yetirdiyi dahi şəxslərdən biri olduğunu bildirib. Görkəmli alimin əmək fəaliyyətinin böyük hissəsinin Azİİ ilə bağlı olduğunu deyən rektor Mustafa Babanlı onun bu ali məktəbin inkişafına verdiyi töhfələrdən danışıb.

Akademikin 37 monoqrafiya və kitab, 227 məqalə, 213 ixtiranın müəllifi olduğunu bildirən rektor Mustafa Babanlı onun rəhbərliyi altında 38 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlandığını qeyd edib. Tofiq Əliyevin yubileyinin ADNSU-da keçirilməsinin önəmini vurğulayan rektor M.Babanlı alimin həyat və fəaliyyətinin bütün gənclər üçün örnək olduğunu bildirib.

Konfransda akademik Tofiq Əliyevə həsr olunmuş film nümayiş olunub.

Sonra ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin dekanı, dosent Səməd Yusifov görkəmli alim, akademik Tofiq Əliyevin həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.

AMEA-nın müxbir üzvü, t.e.d. İsmayıl İsmayılov çıxış edərək akademik Tofiq Əliyevin Azərbaycanda böyük bir məktəb yaratdığını və ölkədə elmin inkişafına böyük töhfə verdiyini bildirib.

Tofiq Əliyevin təkcə Azərbaycanda deyil, bütün SSRİ-də görkəmli alim kimi tanındığını deyən Sumqayıt Dövlət Universitetinin professoru, t.e.d. Nadir Kazımov onunla bağlı xatirələrini bölüşüb.