Card image cap

ADNSU-nun rektoru Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitetin fakültə və şöbələrində olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə universitetin fakültə və şöbələrini ziyarət edib.

Geoloji-kəşfiyyat, Qaz-neft mədən, Kimya-texnologiya, Neft-mexanika, Energetika, İnformasiya Texnologiyaları və İdarəetmə, İqtisadiyyat və Menecment fakültələri, Magistratura şöbəsi, Əcnəbi tələbələr üzrə dekanlıq və digər şöbələrdə olan rektor Mustafa Babanlı professor-müəllim heyəti başda olmaqla universitetin bütün kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara öz fəaliyyətlərində uğurlar arzu edib.

2018-cı ili ADNSU üçün səmərəli illərdən biri kimi dəyərləndirən rektor M.Babanlı cari ildə universitetin həyatında və tədrisdə bir çox nailiyyətlərin əldə olduğunu qeyd edib. Növbəti ildə keyfiyyətlə bağlı nəticələrin daha da irəliləməsi üçün addımların atılacağını söyləyən rektor, professor M.Babanlı 2019-cu ildə bu sahədə olan bəzi çatışmazlıqların tam aradan qaldırılacağını bildirib.

Rektor M.Babanlı elmi işlərlə bağlı da ADNSU-da nəzərəçarpacaq dəyişikliklərin əldə edildiyini, ötən illə müqayisədə bu il elmi məqalələrin sayının artdığını, eyni zamanda dünyanın bır sıra nüfuzlu universitet və şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib.

2019-cu il üçün qarşıya qoyulan məqsədlərdən və görüləcək işlərdən danışan prof. M.Babanlı ADNSU-da elmi işlərin kəmiyyət və keyfiyyətinin artırılması, universitetdə laboratoriyaların inkişaf etdirilməsi və s. istiqamətində genişmiqyaslı işlər görüldüyünü vurğulayıb.

ADNSU-nun fakültə dekanları bayram təbrikinə görə rektor Mustafa Babanlıya təşəkkür edərək 2018-cı ildə universitetdə həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu işin gələn il də davam etdirilməsi üçün əllərindən gələni edəcəklərinə söz veriblər.

Sonda rektor M.Babanlı ADNSU-nun bütün professor-müəllim heyəti və tələbələrini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir daha təbrik edərək 2019-cu ildə universitetin daha böyük uğurlara imza atacağına inandığını bildirib.