Card image cap

Fransanın sabiq Prezidenti Nikola Sarkozi UFAZ-da olub

Yanvarın 16-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və Fransa Respublikasının 2007-2012-ci illərdə fəaliyyət göstərən sabiq Prezidenti Nikola Sarkozi ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) qonaq olub.

Qonaqlar əvvəlcə UFAZ-ın 4-cü mərtəbəsində nümayiş etdirilən sərgi ilə tanış olublar. Sərgidə Avropa və Xarici İşlər Nazirliyinin arxivlərindən götürülən 1918-ci il Azərbaycan Demokratik Respublikasına məxsus şəkillər təqdim olunub.

Nikola Sarkozi burada UFAZ-ı bir çox beynəlxalq yarışlarda layiqincə təmsil edən ən yaxşı tələbələrlə bir araya gəlib.

Tədbirin davamında qonaqlar Kimya və Fizika laboratoriyalarında təcrübə keçən tələbə və müəllimlər ilə görüşüblər.

Konfrans zalında UFAZ tələbələri qarşısında çıxış edən Nikola Sarkozi uğur qazanmaq üçün xəyal etməyin ən vacib amillərdən biri olduğunu vurğulayıb. Vaxtın məhdud olduğunu bildirən sabiq prezident işə indi başlamağın ən yaxşı strategiya və məsləhət olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov da Azərbaycan və Fransa arasında tarixi və dinamik əməkdaşlıq haqqında öz fikirlərini bölüşüb.

Baş nazir həmçinin, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın vacibliyini də vurğulayaraq Nikola Sarkozinin 2011-ci ildə prezidentliyi dövründə Bakıda Fransız Liseyinin təməl qoyma mərasimində iştirak etdiyini xatırladıb.