Card image cap

AQTA-nın nümayəndə heyəti ADNSU-da olub

Yanvarın 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrlə görüş keçirib.

AQTA əməkdaşları əvvəlcə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub, buradakı laboratoriyalarla tanış olublar.

Daha sonra Agentliyin əməkdaşları ADNSU-nun professor-müəllim heyəti və tələbələrlə görüşüb. Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov tədbir iştirakçılarını rektor, professor Mustafa Babanlının adından salamlayaraq ali məktəbdə həyata keçirilən işlər haqqında qısa məlumat verib. Bu cür tədbirlərin tələbələr üçün əhəmiyyətindən danışan dos. Qasım Məmmədov iki qurum arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında məlumat verib. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Hazırda qida təhlükəsizliyi sahəsində peşəkar kadrlara ehtiyac olduğunu deyən Rüfət Rüstəmzadə ali məktəbin yuxarı kurs tələbələrinin Agentlikdə təcrübə keçə bilməsi üçün müəyyən layihələrin planlaşdırıldığını qeyd edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.