Card image cap

ADNSU-da növbəti yenilik – “Elektron qəbul”

Fevral ayının 1-dən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektron qəbul xidmətinin tətbiqinə başlanacaq. ADNSU-nun rəsmi veb səhifəsində elektron qəbul bölməsinin fəaliyyətə başlaması ilə tələbə və əməkdaşların, ümumilikdə vətəndaşların elektron formada qeydiyyatdan keçərək universitet rəhbərliyinin qəbuluna yazılması gerçəkləşdiriləcək.

ADNSU-nun İnformasiya Texnologiyaları (İT) Departamentinin direktoru Elnur Səfərli bildirib ki, bu yenilik sayəsində istənilən şəxs vaxt itkisinə yol vermədən rahat şəkildə qeydiyyatdan keçərək qəbula yazıla biləcək: “Bu bölmənin ən böyük üstünlüyü onun insanlar üçün rahat olmasıdır. Əvvəllər qəbula yazılmaq üçün həftə içi, iş vaxtı hər hansı bir şöbəyə yaxınlaşıb qeydiyyatdan keçmək lazım idisə, indi vətəndaş evində oturaraq qəbula yazıla biləcək. Elektron qəbul deyəndə yalnız universitet rektorunun qəbulu nəzərdə tutulmur. Bu bölmədə prorektorların, departament direktorlarının, həmçinin müxtəlif şöbə müdirlərinin qəbulu üçün qeydiyyat yeri var”.

Bölmənin 3 dildə fəaliyyət göstərəcəyini deyən E.Səfərli elektron qəbul üçün müraciət şərtlərini izah edib: “Elektron qəbula Azərbaycan vətəndaşları ilə yanaşı əcnəbilər də yazıla bilər. Hər kəs qeydiyyat üçün qeyd olunan yerdə öz şəxsiyyət vəsiqələsinin seriya nömrəsini yazmalıdır. Biz bunu ona görə etmişik ki, müraciət edənlər öz keçmiş müraciətlərini də görə bilsinlər. Daha sonra elektron blankda göstərilən digər boş xanaları doldurmaq lazımdır. Səhifənin sonundakı mesaj bölməsinə qəbulun səbəbini qeyd etmək mütləqdir. Çünki, ola bilər ki, vətəndaş müraciəti qəbuluna yazıldığı şəxsin səlahiyyətlərinə aid olmasın. Bu vaxt İT departamentin əməkdaşları onu həmin istiqamətə yönləndirəcəklər.

Qeydiyyat təsdiq olunandan sonra biz bütün müraciətləri uyğun şöbələrə göndərib, onlarla qəbul saatlarını dəqiqləşdiririk. Sonda isə hər bir elektron müraciət edənə qəbul gününü və saatını göndəririk”.

Elektron qəbul bölməsinin 7/24 fəaliyyət göstərdiyini bildirən E.Səfərli gələcəkdə fakültə dekanlarının qəbulunun da elektron qəbul bölməsinə əlavə ediləcəyini qeyd edib.

Elekron qəbul üçün ADNSU-nun rəsmi saytında (asoiu.edu.az) “Elektron qəbul” bölməsinə daxil olmaq lazımdır.

Son illərdə universitetdə elektron xidmətlərin tətbiqi ölkə prezidenti İlham Əliyevin dövlət qurumlarında xidmətlərin elektronlaşdırılması istiqamətində iş aparılması üçün verdiyi tapşırıqlara uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, 2016-cı ildən etibarən ADNSU-da “Elektron universitet” (Unibook) idarəetmə sisteminin tətbiqinə başlanıb.