Card image cap

ADNSU-da DTX-nin yaranmasının 100 illiyi çərçivəsində tədbir keçirilib

Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaranmasının 100 illiyi çərçivəsində tədbir keçirilib. Tədbirdə DTX-nin əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

ADNSU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev tədbirin mahiyyəti haqqında tələbələrə məlumat verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Suad Mahmudov çıxış edərək dövlətin varlığı üçün xüsusi xidmət orqanlarının mövcudluğunun əhəmiyyətini qeyd edib və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Ölkəmizdə ilk xüsusi xidmət orqanının Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hərbi Nazirliyin tabeliyində “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi” kimi yaradıldığını bildirən S.Mahmudov qurumun bu il artıq 100 illiyinin qeyd edildiyini vurğulayıb.

Azərbaycanın xüsusi xidmət orqanlarının inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən S.Mahmudov onun sovet dövründə təhlükəsizlik orqanlarındakı fəaliyyətini mərhələlərlə tələbələrin diqqətinə çatdırıb.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin hazırladığı maarifləndirici videoçarx təqdim olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.