Card image cap

ADNSU-nun nümayəndə heyəti İsveçdə Erasmus+ proqramının layihəsi üzrə görüşdə iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov və “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının assistenti Elviz İsmayılov 2-6 aprel tarixlərində İsveçin Linşöping şəhərində ezamiyyətdə olublar. Onlar Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində icra olunan “Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsinin iştirakçıları üçün keçirilən ilk görüşdə iştirak ediblər. Layihənin əlaqələndiricisi Linşöping Universiteti, iştirakçıları isə Derbi Universiteti (Böyük Britaniya), Tomar Politexnik İnstitutu (Portuqaliya), Tallin Universiteti (Estoniya), Cənub Federal Universiteti (Rostov, Rusiya), Həştərxan Dövlət Universiteti (Rusiya), Voronej Dövlət Universiteti (Rusiya), ADNSU ilə yanaşı Azərbaycanın daha iki ali məktəbi olub. ADNSU-nun nümayəndə heyəti layihə, didaktika məsələləri, müasir ixtisasın yaradılması ilə bağlı seminarlarda iştirak edib, İsveç alimlərinin təcrübəsi ilə tanış olub.