Card image cap

ADNSU-da erməni terrorizmindən bəhs edən sərgi keçirilib

Aprelin 24-də qondarma "erməni soyqrımı" günündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi ilə birgə erməni terrorizminin ifşa olunmasına həsr olunan tədbir keçirilib.

Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Azİİ e-kitab evinin direktoru Səlahət Mahmudova, Azİİ məzunu, AMEA-nın müxbir üzvü, Şöhrət ordenli Kərim Kərimov, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlu, “Xocalı Soyqırımını Tanıtma” İB-nin sədri Şamil Sabiroğlu və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent A.Babayev rektor, professor Mustafa Babanlının tədbir iştirakçılarına salamını çatdırıb.

Tədbir iştirakçıları erməni təcavüzkarlığını və terrorizmini pisləyərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının əhəmiyyətindən danışıblar. Tədbirdə həmçinin ümumbəşəri faciə olan terrordan danışılıb və terrorizmin qarşısının alınmasının zəruriliyi vurğulanıb.

Tədbirdə həmçinin dünya şöhrətli akademik, karikaturaçı rəssam AMEA-nın müxbir üzvü, Şöhrət ordenli K.Kərimovun erməni təcavüzkarlğına dair və terrorizm əleyhinə kitabları eləcə də müəllifin terrorizmi pisləyən karikatura janrında çəkilmiş əsərləri nümayiş olunub.