Card image cap

ADNSU-da mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib

Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədovun rəhbərliyi ilə keçirilən toplantıda universitetin fakültə və şöbələrindən olan mülki müdafiə qüvvələri iştirak edib. Ümumi təlimatlardan danışan E.Məmmədov fövqəladə hallar zamanı yaranan vəziyyətlərdən çıxış yollarını izah edib.

“Yanğın təhlükəsizliyi” mövzusunda aparılan müzakirələrdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev mülki müdafiənin əhəmiyyətindən danışıb, ehtimal olunan fövqəladə hallar zamanı hadisələrə doğru reaksiya verməyin vacibliyini qeyd edib.

“Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, professor Sakit Rəsulov bu mövzuda maarifləndirmənin vacibliyinə toxunub, fövqəladə vəziyyətlərdə minimum tələfat və itki ilə vəziyyətdən çıxma yolları və davranış qaydaları haqqında məlumat verib.

Daha sonra yanğın təhlükəsizliyi qaydaları haqqında videoçarx nümayiş olunub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, toplantının keçirilməsində məqsəd fövqəladə halların qarşısını almaq və baş vermiş hər hansı fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrində vərdiş halı yaratmaqdır.

Mülki müdafiə üzrə keçirilən məşqlər ADNSU-nun mülki müdafiə rəisi, rektor, prof. Mustafa Babanlı və Nəsimi rayonu Fövqəladə Hallar və Müdafiə Şöbəsinin rəisi tərəfindən razılaşdırılmış illik tədbirlər planına uyğun keçirilir. Toplantılar ildə 2 dəfə mülki müdafiə qüvvələri və komandir-rəis heyəti cəlb olunmaqla universitet səviyyəsində rəhbərliyin əmr və hazırlıq planına uyğun aparılır.