Card image cap

ADNSU-da “Açıq mikrofon” təşkil olunub

Mayın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” təşkil olunub. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirin əvvəlində 30 aprel terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayan rektor, professor Mustafa Babanlı əvvəlcə universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan danışıb, yay imtahan sessiyasına hazırlıq, imtahan prosesində tətbiq ediləcək yeniliklər barədə məlumat verib.

“Veb auditoriya” sisteminə keçid, elektron tədrisin genişləndirilməsi sahəsində görülən işlər haqqında danışan rektor Mustafa Babanlı laboratoriyaların yenilənməsi, İT akademiyanın işinin yaxşılaşdırılması, ingilis dilində olan ixtisasların sayının artırılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin hazırda universitetin prioritet istiqamətlərindən olduğunu qeyd edib. Beynəlxalq əməkdaşlıq çərçivəsində bu tədris ilində universitetə 80 nəfər əcnəbi professorun cəlb olunduğunu deyən rektor M.Babanlı bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Rektor M.Babanlı Məzun-karyera Sərgisi, həmçinin HPC mərkəzi və "Eazi START" akselerasiya mərkəzinın açılışına hazırlıq, fakültələrin elmi jurnallarının nəşrinin vəziyyəti, xarici universitetlərlə mübadilə proqramları, universitetin maddi-texniki bazası, nizam-intizam və s. məsələlərdən danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.