Card image cap

ADNSU-da fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı şəhər məktəblərinin buraxılış siniflərinin şagirdləri üçün riyaziyyat, kimya və fizika fənn olimpiadasının yekun mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, həmçinin professor müəllim heyəti, şagirdlər və valideyinlər iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbirin Ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etməsinin Heydər Əliyev siyasətinin əsasının məhz gənclərlə bağlı olması ilə əlaqələndirib. Rektor, professor M.Babanlı ADNSU-da keçirilən fənn olimpiadalarının şagirdlər üçün önəmindən danışaraq universitetdə riyaziyyat, fizika və kimya fənni üzrə keçirilən bilik yarışının nəticələrindən məmnun qaldığını bildirib və olimpiadada birinci yeri tutan qaliblərin ADNSU tələbəsi adını qazanacaqları təqdirdə xüsusi təqaüdlə də təmin olunacaqlarını vurğulayıb. Bununla yanaşı rektor M.Babanlı fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklərin tətbiqinin nəzərdə tutulduğunu da sözlərinə əlavə edib.

Daha sonra fənn olimpiadasında I, II, və III yerin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, ADNSU-da aprelin 20-də Azərbaycan və rus dillərində keçirilən olimpiadada müvəffəqiyyətlə iştirak edən iştirakçılar arasından riyaziyyat üzrə 3 nəfər, fizika üzrə 3 nəfər və kimya üzrə 3 nəfər qalibə və 6 nəfərə həvəsləndirici mükafatlar olmaqla ümumilikdə 15 nəfər şagirdə fəxri fərmanlar təqdim edilib.