Card image cap

UFAZ-da abituriyentlər və valideynlər üçün 2019-cu il bakalavr proqramına qəbul üzrə açıq qapı günü keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) abituriyentlər, onların valideyinləri və UFAZ-da təhsillə maraqlananlar üçün açıq qapı günü keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov və baş katibi Charlotte Payen, Strasburq Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru və UFAZ-da Strasburqun fizika fənni üzrə eksperti Philippe Turek və Renn 1 Universitetinin professoru, UFAZ-da Neft və Qaz ixtisası üzrə məsul şəxs Françoise Le Guen iştirak edib.

UFAZ haqqında məlumatların əks olunduğu videoçarx ilə start verilən tədbirdə direktor Vazeh Əskərov universitet haqqında təqdimatla çıxış edib. Daha sonra tədbir iştirakçılarına ADNSU-nun rektoru, professor Mustafa Babanlı tərəfindən UFAZ-a qəbul prosesi və tədris proqramları haqqında ətraflı məlumat verilib.

Sonda UFAZ-a sənəd vermək istəyən abituriyentlər və onların valideynlərinin sualları cavablandırılıb.

Qeyd edək ki, UFAZ 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-Fransız Universitetinin yaradılmasına dair sərəncam imzalayıb. UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda intensiv fransız dili dərsləri keçirilir. Tədris fransız proqramı əsasında aparılır. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.