Card image cap

ADNSU-da Akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunan tədbir keçirilib

Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, həmçinin tələbələr iştirak edib.

ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxışında Prezident İlham Əliyevin “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında" 11 fevral 2019-cu il tarixli Sərəncamını elmimizə, ədəbiyyatşünaslığımıza göstərilən diqqət və qayğının daha bir nümunəsi olduğunu vurğulayıb. Ata Babayev görkəmli alimin elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında misilsiz xidmətlərindən söhbət açıb.

Tədbirdə çıxış edən "Azərbaycan dili" kafedrasının müdiri, professor Rüstəm Kamal alimin irsində klassik ədəbiyyat məsələləri, folklorşünaslıq, mətnşünaslıq, şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatların xüsusi yer tutduğunu bildirib. Həmid Araslının Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biri olduğunu vurğulayan prof. Rüstəm Kamal onun xalqımızın ölməz abidəsi olan "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi tanındığını söyləyib.

Sonra professor-müəllim heyəti və tələbələr akademikin zəngin ədəbi-bədii irsi ilə bağlı fikirlər səsləndiriblər.