Card image cap

ADNSU-nun Ümumi və tətbiqi riyaziyyat kafedrası Beynəlxalq Seminarın təşkilində iştirak edib

7-8 iyun 2019-cu il tarixlərində AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı, akademik Mirabbas Qasımovun 80-illiyinə həsr olunan “Spektral nəzəriyyə və onun tətbiqi” mövzusunda Beynəlxalq Seminar (International Workshop) keçirilib. Tədbir bu elm müəssisəsi, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrası, Xəzər Universitetinin Riyaziyyat kafedrasının birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, İraq və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri seminarda İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov görkəmli alim Mirabbas Qasımovun mənalı ömür yolundan, elmi yaradıcılığından, pedaqoji və təşkilati fəaliyyətindən danışıb. Bildirilib ki, Mirabbas Qasımov 1964-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin elmi şurasında “Şturm-Liuvill tənliyinin iki spektrə görə həlli” namizədlik dissertasiyasını müdafiə edib və şuranın xüsusi qərarı ilə dissertasiya “Görkəmli iş” kimi qiymətləndirilib. 1967-ci ildə Mirabbas Qasımov Moskva Dövlət Universitetində “Öz-özünə qoşma və öz-özünə qoşma olmayan diferensial operatorların bəzi məsələləri” mövzusunda fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib və bu iş ABŞ-da ingilis dilinə tərcümə edilib.

Diqqətə çatdırılıb ki, Mirabbas Qasımov 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Riyaziyyat elminin inkişafına dəyərli töhfələr verən akademik Mirabbas Qasımov 100-dən çox elmi məqalənin müəllifi olub. Onun rəhbərliyi altında təqribən 70 namizədlik və doktorluq dissertasiyası müdafiə edilib.

Beynəlxalq tədbirdə Azərbaycan və digər ölkələrdən olan tanınmış alimlərin 8 elmi plenar məruzələri dinlənilib, müzakirələr aparılıb. Seminara Spektral analizin düz və tərs məsələləri, Səpilmənin kvant nəzəriyyəsi və tərs məsələlər, Operator-diferensial tənliklər və onlarla bağlı spektral məsələlər, Diferensial tənliklər üçün sərhəd məsələləri və Funksional analizin tətbiqi məsələləri mövzularını əhatə edən 80-dən çox elmi məruzə təqdim edilib. Seminar öz işini üç bölmədə davam etdirib.