Card image cap

ADNSU ilə Şimali Qafqaz Yanacaq-Energetika Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Avqustun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Şimali Qafqaz Yanacaq-Energetika Kollecinin nümayəndə heyətini qəbul edib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Şimali Qafqaz Yanacaq-Energetika Kollecinin direktor müavini, Rusiya Dövlət Dumasının Təhsil və Elm komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Vüqar Zeynalov və digər qonaqlar iştirak ediblər.

Tədbir zamanı Professor M.Babanlı qonaqlara universitetin fəaliyyəti, təhsil sahəsində əldə olunan yeniliklər və elmi uğurlar haqqında məlumat verdi. Bildirdi ki, bu gün ADNSU ölkədə texniki peşə sahələrinin tədris olunduğu universitetlərdən ən öncülüdür. Burada yüksək təhsil verilməsi üçün bu sahədə mövcud olan bütün yeniliklər, texniki imkanlar tətbiq olunur. İxtisaslı və savadlı kadrların yetişdirilməsi ilə yanaşı, elmi nailiyyətlərin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.

Rektor onu da əlavə etdi ki, məqsəd şəffaf fəaliyyət göstərməklə real olaraq elmin, təhsilin keyifiyyətinə töhfə vermək və dövlətimiz, xalqımız üçün peşəkar kadrlar hazırlamaqdır. Tədris zamanı dünyanın qabaqcıl ölkələrinin təcrübəsi geniş tətbiq olunur.

İqtisad elmləri doktoru, professor Vüqar Zeynalov ADNSU-nun son illər təhsildə əldə etdiyi uğurlardan xəbərdar olduqlarını qeyd edərək təmsil etdiyi təhsil ocağının ADNSU ilə əməkdaşlığının onlar üçün önəmindən danışdı. Geniş müzakirələrdən sonar iki təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Sonra ADNSU-nun İnquşetiya Respublikasında filialının açılması haqqında fikir mübadiləsi aparıldı və gələcək planlardan danışıldı.