Card image cap

ADNSU-da Geoloji kəşfiyyat və Energetika fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib

Sentyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Energetika fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev, Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə və tələbələr iştirak ediblər.

Prorektor A.Babayev öncə gəncləri tələbə adını qazanmaları münsibətilə təbrik edib və onlara uğurlar arzulayıb. O, çıxışında ali məktəbə bu il qəbul olmuş tələbələri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edib və hər bir tələbəni bu qaydalara əməl etməyə, tədris prosesində, dərslərdə fəal olmağa çağırıb.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri N.Gəncəyev universitetin tanınmış məzunları, tarixi və ixtisaslar haqqında gənclərə geniş məlumat verdikdən sonra onları THİK-nin çoxsaylı bölmələri ilə yaxından tanış edib. Bildirib ki, universitetdə fəaliyyət göstərən mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar” klubu, eyni zamanda 12 idman növünü özündə birləşdirən idman klubları və digər bölmələrin hər birinin təşkilatçıları tələbələrdir. N.Gəncəyev tələbələri universitetin ictimai həyatında və bu klublarda fəal iştirak etməyə dəvət edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.