Card image cap

ADNSU-da “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin tələbələri ilə görüş keçirilib

Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev və tələbələr iştirak ediblər.

Prorektor A.Babayev öncə gəncləri tələbə adını qazanmaları münsibətilə təbrik edib və onlara uğurlar arzulayıb. O, çıxışında ali məktəbə bu il qəbul olmuş tələbələri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edib və hər bir tələbəni bu qaydalara əməl etməyə səsləyib.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri N.Gəncəyev öncə tələbələrə universitet haqqında danışaraq ADNSU-nun tanınmış məzunları, tarixi və burada tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verib. Bildirib ki, bu gün ADNSU-da ən yüksək səviyyədə təhsil verilir və buranı seçən tələbələr böyük şans qazanıblar. O, birinci kurs tələbələrini THİK-nin çoxsaylı bölmələri ilə yaxından tanış edib. Qeyd edib ki, universitetdə fəaliyyət göstərən mahnı və rəqs ansamblının, müxtəlif təyinatlı klubların və digər bölmələrin hər birinin təşkilatçıları tələbələrdir. Burada təhsil tələbənin üzərində qurulduğu kimi, universitetin ictimai həyatında və ümumi fəaliyyətində də tələbələrə geniş yer verilir.

Sonra N.Gəncəyev hər bir tələbəni dərslərində ciddi olmağa, tədris dövründə,  imtahanlar zamanı köçürmə hallarından və ya bu məqsəd üçün texniki vasitələrin istifadəsindən uzaq olmağı tövsiyyə edib. Əlavə edib ki, bu gün ADNSU-da yüksək səviyyəli təhsil üçün hər bir şərait yaradılıb, sadəcə tələbənin üzərinə düşən iş oxumaq, bu imkandan maksimum faydalanmaqdır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.