Card image cap

Azİİ e-Kitab Evi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib

Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650-illiyinə həsr olunmuş sərginin açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov, millət vəkilləri, tanınmış şair və yazıçılar, müxtəlif ölkələrin nəşriyyat nümayəndələri və digər tanınmış şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edən nazir Ə. Qarayev bu ilki sərgiyə olan böyük maraqdan danışıb və ölkədə kitabxanaların zənginləşdirilməsi istiqamətində prezident İlham Əliyevin sərəncamlarından danışıb.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Ə.Əhmədov iştirakçıları  kitab bayramı münasibətilə təbrik edib və ölkəmizdə artıq ənənə halını alan belə sərgilərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sərgidə Azİİ e-Kitab Evinin 100 kitabı nümayiş etdirilir. Kitablar arasında Heydər Əliyev irsi, qədim əlyazmalar, miniatür kitablar, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun “Oil and İndustry” jurnalı nümayiş olunur.  Bundan əlavə stenddə Azİİ e- Kitab Evi haqqında  geniş video təqdimat nümayiş olunur.

Qeyd edək ki, sərgidə 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və müxtəlif qurumlar iştirak edir. 3 gün davam edəcək sərgi-yarmarka çərçivəsində yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, bir sıra tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər və imza günləri keçiriləcək. Sərgi sentyabrın 29-dək davam edəcək.