ADNSU haqqında

 

   10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılıb.

   1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəb”ə çevrilib. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər  məzun buraxılışı olub. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətləri daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılıb. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərib, tələbələrin sayı 188 nəfər olub. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olub. 16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edilib.

Dekretdə aşağıdakılar qeyd olunub:

 

  "Neft-mədən", "Elektromexanika", "Mühəndis-inşaat", "Kənd təsərrüfatı" və "İqtisadiyyat" fakültələri əsasında Bakı Politexnikumu bazasında M.Əzizbəyov adına Bakı Politexnik İnstitutu yaradılsın. Bakı Politexnikumunun binaları, avadanlıqları, həmçinin Rus Texniki Cəmiyyətinin kimya laboratoriyası Bakı Politexnik İnstitutunun sərəncamına verilsin.

   Politexnik İnstitutunun tələbə kontingentinin tərkibinə politexnikumun tələbələrinin daxil edilməsi ilk növbədə, aşağıdakı əsaslarla nəzərdə tutulsun:

     - Kafi  dərəcədə ümumi təhsil hazırlığına malik tələbələrin I semestr dərslərinə buraxılması;            

     - Belə hazırlığa malik olmayanlara isə əlavə ümumi təhsil fənlərinin keçilməsi;

     - Ən nəhayət texnikumun yuxarı kurs tələbələrinə xüsusi dərslər təşkil etməklə tələbələr sırasına daxil olunması.

 

   Dövlət Universitetinin tələbələri üçün mövcud olan sosial təminat hüquqları Bakı Politexnik İnstitutunun tələbələrinə də şamil edilsin. Universitetlərdən və digər müəssisələrdən Politexnik İnstitutuna tədris prosesinə cəlb olunacaq professor-müəllimlərin əvəzçiliklə işləmələrinə baxmayaraq, Politexnik İnstitutunda tutduğu vəzifəyə uyğun onlara əmək haqqı verilsin. Professor-müəllim heyətinin əmək haqqı Dövlət Universitetində uyğun vəzifədə çalışan əməkdaşın əmək haqqı kimi ödənilsin.

   12 dekabr 1920-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən institutun açılması barədə dekret verilir. Dekretdə Bakı Politexnik İnstitunun yaradılması ilə bağlı Bakı Politexnikumun bağlanması və müəllimlərin öz vəzifələrindən azad edilməsi qeyd olunur, hazırlıq işlərinin başa çatması və institutda tədris ilinin 1 yanvar 1921-ci ildə başlanması göstərilirdi. Dekretə əsasən mühəndis A.İ.Kozlovun sədrliyi ilə institutda qəbul komissiyasının yaradılması və aşağıdakı normaları rəhbər tutaraq, qəbulun 1 yanvar 1921-ci ilədək başa çatdırılması nəzərdə tutulurdu. Namizədlərdən ilk növbədə – Bakı Politexnikumunun tələbələrinin, xüsüsi ali məktəblərin tələbələrinin, ikinci – türk dili bilənlərin, üçüncü – fəhlələrin, dördüncü – AKBP MK və BK-dən göndərilən, beşinci – qızıl ordu nümayəndələrinin, altıncı – şura qulluqçularının, yeddinci – qalan vətəndaşların instituta qəbulu nəzərdə tutulub.

   Professor N.A.Dubrovski 1 sentyabr 1921-ci ilədək ilk rektor təyin olunub.  İnstitutun Elmi Şurasının birinci iclası 15 dekabr 1920-ci ildə ilk rektor professor N.A.Dubrovskinin sədrliyi altında aparılıb. İclasda S.Vəkilov Elmi Şuranın katibi seçilib. Az sonra, 18 dekabrda Elmi Şuranın ikinci iclası keçirilib və ilk dəfə olaraq fakültələrə: "Neft-mədən" – dağ mühəndisi B.Dombrovski, "Elektromexanika" – mühəndis-elektrik A.Sizov, "Mühəndis-inşaat" – mülki inşaaat mühəndisi A. Şuşerov, "İqtisadiyyat" – professor N.A.Dubrovski və "Kənd təsərrüfatı" – aqronom N.Lebedov dekan seçiliblər.

  Fəaliyyətə başlanmasını bəyan edən ilk zəng 2 yanvar 1921-ci ildə saat 9.30-da vurulub və mühəndis S.Vəkilov institutun tarixində ilk dəfə olaraq ali riyaziyyatdan mühazirə oxuyub.  1920-1921-ci tədris ilində institutda 1135 tələbə oxuyurdu.

  1922-ci ildə "Kənd təsərrüfatı", "İqtisadiyyat", "Texnoloji (elektrotexnika, dağ-neft və nefttexnoloji şöbələri), və "Mühəndis-inşaat (quru yol, hidrotexniki və mülki inşaat ixtisasları üzrə)" fakültələrin fəaliyyəti üzrə institutun strukturu səhmanlaşdı.

  1922-ci ildə institutun maddi-texniki bazasının və professor-müəllim heyətinin gücləndirilməsinə "Azneft" (təmir və lazımı avadanlığın təmini və 150 tələbəyə təqaüdün verilməsi), Xalq Komissarlar Şurası, Maarif, Torpaq, Yeyinti Ticarət Xalq Komissarlıqları tərəfindən lazımı köməklik göstərilirdi.

   1923-cü ilin yayında Azərbaycan Hökumətinin təşəbbüsü nəticəsində keçmiş ittifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cu il tarixli qərarı çıxırılıb, Bakı Politexnik İnstitutunun ümumi ittifaq əhəmiyyəti qeyd olunub və ittifaqın Maarif Komissarlığına və Azərbaycan Hökumətinə institutun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilib. Bunun nəticəsində "Azneft"in gəlirinin müəyyən faizinin institutun fonduna köçürülməsinə, Vladikavkaz Politexnikumun avadanlığının alınmasına nail olunub.

   1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılıb.

   1929-cu ildə rektor vəzifəsini onun məzunu M.V. Barinov icra edib. 12 may 1929-cu ildə institutdan "Kənd Təsərrüfatı" fakültəsi ayrılıb və sərbəst fəaliyyət göstərən "Kənd Təsərrüfatı İnstitutu" yaranıb. 29 may 1930-cu ildə "Azərbaycan Politexnik İnstitutu"nun adı dəyişdirilib və "Azərbaycan Neft İnstitutu" (ANİ) adlandırılıb.

  1931-ci ildə institutun şöbəsi "Azərbaycan Qiyabi Sənaye İnstitutu" yaradılıb.Azərbaycan Neft İnstitutu bazasında Gəncə, Qroznı, Ufa və İşimbayda şöbələri olan "Azərbaycan Qiyabi Neft İnstitutu" yaradılıb.

   İnstitutun adının "Azərbaycan Neft İnstitutu" adlandırılması ilə bağlı yenidənqurma işləri və mühəndis kadrların hazırlanması aşağıdakı fakültələrdə aparılıb: 19 iyun 1930-cu ildə "İnşaat" fakültəsi bazasında Azərbaycan İnşaat İnstitutu yaradılıb (1 sentyabr 1934-cü ildə yenidən "Memarlıq-inşaat fakültəsi" adı ilə Azərbaycan Neft İnstitutuna verilib.

    Politexnik İnstitutun 10 illiyinə təsadüf edən otuzuncu illərdə 3267 tələbəsi, qiyabi təhsil üzrə fəhlə fakültəsində 3000-dən çox dinləyicisi olan Azərbaycan Neft İnstitutu keçmiş ittifaqda, görkəmli ali təhsil müəssisələrindən birinə çevrilərək miqyas və əhəmiyyətinə görə Zaqafqaziyada birinci ali texniki məktəb kimi qalıb.

  Neft sənayesi üçün mütəxəssis hazırlığında əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə Azərbaycan Respublikası hökümətinin "Qırmızı Əmək Bayrağı Ordeni" ilə mükafatlandırılıb.

    Ölkənin sənayeləşdirilməsi ilə bağlı sənayenin Azərbaycanda da sürətli inkişafı təkcə neft deyil, digər sahələr üçün də mühəndis kadrlarının hazırlanmasını tələb edirdi. Beləliklə, respublikada geniş profilli sənaye institutunun yaradılması günün vacib məsələsi kimi qarşıda dururdu. 1934-cü il oktyabrın 10-da Neft institutu maşınqayırma, energetika və s. sahələr üçün də mühəndis kadrları hazırlığına görə Azərbaycan Sənaye İnstitutuna (Az.Sİ) çevrildi.

 

İkinci Dünya müharibəsi dövründə    

  Fəaliyyətinin 20 illiyi ərzində əldə etdiyi nailiyyətlərə görə 25 dekabr 1940-cı ildə institut ittifaq hökumətinin ali mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur.   1941-ci ildə müharibənin başlanması ilə əlaqədar olaraq İnstitut və onun əməkdaşları qarşısında yeni vəzifələr qoyulmuşdu və qayğılar artmışdı. Müharibənin ilk günlərindən başlayaraq institutun əməkdaşları və tələbələri ölkə qarşısında borclarını vermək üçün cəbhəyə yollanıblar.

1941-ci ildə S.B.Qocayev İnstitutun rektoru təyin edilib.

Bu illərdə institutda müdafiə qurğuları tikmək üçün xüsusi dəstə yaradılıb.

Sənayedə işləyənlərin və həmçinin institut tələbələrinin cəbhəyə göndərilməsi «hər şey cəbhə üçün» devizi altında işləyən mədən və zavodlarda istehsalatın idarə olunmasında xeyli miqdarda kadr çatışmazlığına səbəb olub. Çatışmazlığı aradan qaldırmaq məqsədilə Respublika hökümətinin M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda kadr hazırlığının yaxşılaşdırılması tədbirləri haqqında 5−12 mart 1943-cü il tarixdə qəbul etdiyi qərarına əsasən 1943/44-cü tədris ilinə 1000−1200 tələbə qəbulu planlaşdırılmışdı. Respublika Xalq  Komissarları Şurasının 12 noyabr 1943-cü il tarixli qərarı ilə tələbələr üçün Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin nəşr edilməsi işi gücləndirilmiş, tələbələr və institutun akademik işçiləri üçün xüsusi qapalı yeyinti və sənaye malları mağazaları fəaliyyətə başlamışdı.

1943-cü ildə İnstituta 1147, 1944-cü ildə 810 nəfər qəbul edilib. Müharibə illəri ərzində 1000 mühəndis hazırlanıb. 1945-ci ildə hazırlıq fakültəsinin dinləyiciləri də daxil olmaqla tələbələrin sayı 4500 olub.

11 mart 1944-cü ildə direktiv orqanların qərarı ilə ali məktəblərdə müharibədən əvvəlki qəbul qaydaları bərpa edilib, kadr hazırlığı ən mühüm problem kimi irəli çəkilib.

Müharibədən sonra İnstitutun həyatında əsaslı dəyişikliklər olub. Həmin vaxtlarda fəaliyyət göstərən 8 fakültədən 6-sı bilavasitə neft sənayesi üçün kadr hazırlığı ilə məşğul idi.İnstitutun fəaliyyətinin müharibədən sonrakı genişlənməsi ölkənin və Respublikanın sənaye sahələrinin və ilk növbədə neft sənayesinin inkişafı ilə əlaqəli olub. Əgər müharibədən əvvəl neft hasilatının 98%-i Bakı, Qroznı və Maykopun payına düşürdüsə, müharibədən sonra Ural-Volqa, Emba, Orta Asiya, Qazaxıstan, Uzaq Şərq regionlarında zəngin neft yataqları aşkar edilmiş və onların mənimsənilməsi neftçi mütəxəssislərə tələbatı kəskin artırmışdı. Məhz həmin illərdə Azərbaycan Sənaye İnstitutunun məzunları bu yataqların işlənməsində əsas rol oynayıblar.

1946-cı ildə İnstitut SSRİ-nin Xalq Neft Komissarlığının tabeliyindən çıxarılıb SSRİ-nin Politexnik və Sənaye Ali Təhsil Müəssisələri baş idarəsinin tabeliyinə verilib.

1950-ci ildə İnstitutun strukturunda «Geoloji-kəşfiyyat», «Neft-mədən», «Texnoloji», «Mexanika», «Energetika», «Mühəndis-iqtisad», «Nəqliyyat» və «Memarlıq-inşaat» fakültələri fəaliyyət göstərirdi..

1952-ci ildə İnstitutun «Memarlıq-inşaat», «Nəqliyyat» fakültələri, «Mexanika» fakültəsinin bir hissəsi və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Hidromeliorasiya» fakültəsi əsasında mülki tikinti, nəqliyyat və maşınqayırma sahələri üçün mütəxəssis hazırlamaq məqsədilə Azərbaycan Politexnik İnstiutu yaradılıb. Azərbaycan Sənaye İnstitutundan Politexnik İnstitutuna 57 nəfər professor-müəllim heyəti olan 11 kafedra keçib və institut yenə də yalnız neft sahəsinə mütəxəssis hazırlamağa başlayıb.

Axşam və qiyabi şöbələr üzrə təhsilin genişləndilirməsi işi aparılıb. İttifaq hökumətinin 14 mart 1959-cü ildə qəbul etdiyi qərarına əsasən institutun  adı yenidən dəyişdirilərək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (AzNKİ) çevrilib. Bu, ölkədə kimya sənayesinin prioritet sahə elan olunması ilə bağlı idi. AzNKİ-nin qarşısına əsas etibarilə inkişafda olan İttifaqın neft və neft-kimya sənaye sahələri üçün yüksəkixtisaslı mühəndis və elmi kadrların hazırlanması vəzifəsi qoyulub.

1951−1959-cu illərdə institut 6695 mühəndis hazırlayıb, onlardan 3501-i azərbaycanlı, o cümlədən 749-u qızlar olub. Bu illərdə respublika hökümətinin qərarına əsasən Xalq Təsərrüfatı İnstitutundan «Planlı iqitsadiyyat» fakültəsinin sənaye iqtisadiyyatı ixtisası və Azərbaycan Dövlət Universitetindən faydalı qazıntı yataqlarının işlənməsi ixtisası AzNKİ-yə, radiotexnika ixtisası isə AzNKİ-dən Politexnik İnstitutuna verilib.

1958−1959-cu tədris ilində Sumqayıt şəhərində, orada işləyən gənclərin axşam şöbəsində təhsil almaları üçün şöbə yaradıldı.

Azərbaycan hökümətinin 30 mart 1960-cı il qərarına əsasən Sumqayıt şəhərində AzNKİ-nin axşam və qiyabi şöbələri üzrə təhsil almaq üçün tədris-məsləhət məntəqəsi yaradılıb. Qeyd olunan qərarda tədris-məsləhət məntəqəsində üzvü sintez və sintetik kauçuk, kimya istehsalı üçün maşın və aparatlar ixtisasları üzrə mütəxəssis hazırlanması nəzərdə tutulub.

1962−1963-cü tədris ilində Sumqayıt şəhərindəki tədris-məsləhət məntəqəsi axşam və qiyabi şöbəsi kimi AzNKİ-nin filialına çevrilib.

Filiala ilk tələbə qəbulu 1962-ci ildə aparılıb və axşam şöbəsinə 225, qiyabi şöbəyə isə 125 nəfər qəbul olunub.

Kimya sənayesinin tələbatının ödənilməsi ilə bağlı İttifaq hökümətinin 3 iyun 1965-ci il tarixli qərarına əsasən filial Sumqayıtdakı sintetik kauçuk zavodunda AZNKİ-nin zavod – ali texniki məktəbinə çevrilib.

O vaxtlar tədrisin təşkili üçün müvafiq şərait olmadığına görə dərslərin əksəriyyəti Sumqayıtın 11 saylı məktəbinin və «Kimyaçılar şəhəri»ndəki 8-illik məktəbin binasında keçirilib. 1970-ci ilə kimi müəllimlərin əksəriyyəti AzNKİ-dən dəvət olunmuş pedaqoqlar olublar. Filialın tədris binalarının bünövrəsi.1992-ci ildən Sumqayıt şəhərindəki filial sərbəst Azərbaycan Sənaye İnstiutu kimi fəaliyyət göstərərək, 13 iyun 2000-ci il tarixdən Sumqayıt Dövlət Universitetinə çevrilib.

1965-ci ilin noyabr ayında İnstitut 45 illik yubileyini qeyd edib.

AzNKİ-nin 50 illik yubileyi 5 iyul 1971-ci ildə təntənəli şəkildə indiki Şəhriyar adına klubda başda Respublikamızın rəhbəri Heydər Əliyev olmaqla hökümət nümayəndə heyətinin iştirakı ilə qeyd olunub. Kollektivin 100-dən çox üzvü hökümət tərəfindən fəxri ad və fərmanlarla təltif olunub, 30 nəfərinə isə hökümət hesabına mənzillər verilib.Yubileylə əlaqədar institut həm də Türkmənistanın xalq təsərrüfatı üçün ixtisaslı kadrlar hazırlanmasında xidmətlərinə görə bu Respublikanın Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.

1978-ci ildə professor İ.Ə.İbrahimov yenidən institutun rektoru təyin edilib. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun yetirmələri əfsanəvi «Neft daşları»nda və Bakının neftayırma zavodlarında, Sumqayıtın böyük kimya müəssisələrində və Respublika Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında, Tümen, Saxalin, Tatarıstan mədənlərində, ölkənin bütün guşələrində çalışıblar. Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 271 saylı, 6 aprel 1978-ci il tarixli «Ali məktəblərdə elmi-tədqiqat işlərinin effektivliyinin artırılması» qərarı ilə respublika ali məktəbləri içərisində təkcə AzNKİ keçmiş ittifaqın qabaqcıl 70 ali məktəbinin siyahısına daxil edilib.

1979-cu ildə məhz bu səbəbdən fakültənin adı «Qaz-neft-mədən»ə dəyişdirilib.

1988-ci ildə İttifaqın Gəmiqayırma Sənayesi Nazirliyi və Respublika Ali və Orta İxtisas Təhsili Nazirliyinin birgə əmri ilə «Nord» Elmi-İstehsalat Birliyi ilə AzNKİ arasında ikinci tədris-elmi-istehsalat kompleksi yaradılıb.

 

Müstəqillik dövründə

Azərbaycan Respublika Nazirlər Kabinetinin 18.02.91-ci il tarixli qərarına əsasən İnstitutun adı dəyişdirilərək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Sənaye Universiteti (AzSU) adlandırılıb.

Respublika Nazirlər Kabinetinin 11/8-12 nömrəli, 20 may 1991-ci il tarixli qərarına və Respublika Xalq Təhsili Nazirliyinin 442 nömrəli, 17.06.91-ci il tarixli əmrinə əsasən Əli Bayramlı (indiki Şirvan) şəhərində qiyabi təhsil alan tələbələr üçün tədris-məsləhət məntəqəsi yaradılıb. Məntəqə Universitetin qiyabi şöbəsində təhsil alan tələbələrinin tədris proqramlarını mənimsəməsinə yardım göstərib.

24 avqust 1991-ci ildə hökumətin qərarı ilə AzSU-nun Mingəçevir şəhərində filialı açılıb, oraya yüngül toxuculuq sənayesinin iqtisadiyyatı və idarə olunması, inşaatın iqtisadiyyatı və idarə olunması, nəqliyyatın iqtisadiyyatı və idarə olunması, elektrik sistem və şəbəkələri, elektrik nəqliyyatı ixtisasları üzrə 87 tələbə qəbul olunub. Sonradan bu filial sərbəst olaraq Mingəçevir Politexnik İnstitutu kimi fəaliyyət göstərməyə başlayıb.

1991-ci ildə keçmiş İttifaqın Ali və Orta Təhsil Nazirliyi ilə ABŞ-ın İBM korporasiyasının təşkil etdiyi «Respublika biznes məktəbi» yaradılıb, sonradan fakültəyə çevrilib. Bu fakültədə ilk dəfə olaraq Respublikada yanacaq-enerji kompleksi sahələrində biznesin menecmenti ixtisası üzrə mütəxəssis hazırlığına başlanılıb. Burada müdavimlərə biznesin təşkilinin əsasları üzrə müasir biliklər verilib.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə mövcud olan sosial-iqtisadi çətinliklərə baxmayaraq ali məktəbdə təlim, tərbiyə və elmi fəaliyyət uğurla davam etdirilib.

Nazirlər Kabinetinin 129 nömrəli, 16.03.1992-ci il tarixli qərarı ilə AzSU-nun nəzdində «Neftin, qazın geotexnoloji problemləri və kimya» elmi-tədqiqat institutu yaradılıb.

ADNA-da 1991-2000-ci illərdə  «Geoloji-kəşfiyyat»,  «Qaz-neft mədən»,  «Kimya-texnologiya», «Neft-mexanika», «Energetika», «İstehsalat proseslərinin avtomatlaşdırılması», «Mühəndis-iqtisad» və «Əcnəbi vətəndaşlar üçün hazırlıq» fakültələri fəaliyyət göstərib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 137 nömrəli, 21 mart 1992-ci il tarixli qərarı ilə universitet Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) adlandırılıb.

 

1993-1997-ci illərdə professor Pərviz Məmmədov ADNA-nın rektoru vəzifəsini icra edib.

1993/1994-cü tədris ilindən başlayaraq ADNA-da ilk dəfə olaraq bakalavriat səviyyəsində mütəxəssis hazırlığına başlanıb və bununla əlaqədar bütün tədris planlarında və fənlərin məzmununda əsaslı dəyişikliklər edilib.

1998-ci ildə ABŞ-ın İnformasiya Agentliyinin dəstəyi ilə Corciya Dövlət Universiteti (ABŞ) və ADNA arasında əməkdaşlıq əsasında mütəxəssis hazırlığı ingilis dilində aparılan biznesin idarə edilməsi üzrə magistratura (MBA) açılıb. Bu layihənin özəlliyi ondan ibarətdir ki, tədris planları və fənlərin məzmunu qərb standartlarına uyğunlaşdırılmış, dərslər ABŞ-dan dəvət olunan və ADNA-dan ABŞ-a stajkeçməyə göndərilmiş mütəxəssislər tərəfindən ən müasir tədris texnologiyalarından istifadə etməklə aparılır. 1999-cu ildə ADNA-da ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eksponatları özündə əks etdirən «Heydər Əliyev» muzeyi yaradılıb. Muzey tələbələrin və ADNA-ya səfər edən müsafirlərin diqqət obyekti olub. Hər tədris ilinin əvvəlində 1-ci kurs tələbələrinə tələbə biletləri və qiymət kitabçaları təntənəli surətdə məhz bu muzeydə təqdim olunur.        

1999-cu ildən etibarən Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində Fransanın Sofiya-Antipolis (Nitsa) və İtaliyanın Genuya universitetləri ilə əməkdaşlıq əsasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Parisin Neft və Motorlar İnstitutunun dəstəyi ilə Avropa standartlarına uyğunlaşdırırlmış tədris planı əsasında «Ətraf mühit və neft sənayesi» ixtisası üzrə magistrlər hazırlığına başlanılıb. 1999-cu ildən başlayaraq ADNA-da «Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri» elmi-texniki jurnalı nəşr olunmağa başlayıb. 1999-2000-ci illər ərzində jurnalın 10 sayı  işıq üzü görüb.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» 13 iyun 2000-ci il tarixli Fərmanı ilə ADNA-ya özününidarəetmə prinsipi üzrə fəaliyyət göstərmək səlahiyyəti verilib.

2000-ci il ərzində ADNA-nın 80 illik yubileyi ilə əlaqədar fakültələrdə, kafedralarda və bir sıra sənaye müəssisələrində müxtəlif tədbirlər (konfranslar, seminarlar, görüşlər, təqdimatlar) keçirilib. Yubiley ərəfəsində ADNA-nın əsas binasının fasadı yeniləşdirilmiş, daxildə təmir işləri aparılıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin, «Exxon Azerbaijan» şirkətinin və Açıq Cəmiyyət İnstitutunun yardımı ilə ADNA-da lokal şəbəkəli ilk İnternet mərkəzi yaradılıb istismara verilib.

1999-cu ildən həyata keçirilən MBA proqramının davamı olaraq 2001-ci ildə ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) ilə ADNA-nın əməkdaşlığı çərçivəsində qərb standartlarına uyğunlaşdırılmış tədris planları əsasında tədris ingilis dilində olmaqla biznesin idarə edilməsi üzrə bakalavr (BBA) hazırlığına başlanıb. Həmin ildə Almaniyanın Zigen Universiteti (ZU) ilə əməkdaşlıq çərçivəsində qərb standartlarına uyğunlaşdırılmış tədris planları əsasında tədris ingilis dilində aparılmaqla «Yeni texnologiyalar» proqramı üzrə bakalavr hazırlığına başlanıb.

 

 Universitetin adının dəyişdirilməsi xronologiyası

SıraTarixAdı
11887`Bakı Texniki məktəbi
21896Bakı aşağı səviyyəli texniki məktəb
31918Bakı Politexnikumu 
41920M.Əzizbəyov adına Bakı Politexnik İnstitutu
51923 M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu
61930Azərbaycan Neft İnstitutu
71934Azərbaycan Sənaye İnstitutu
81959M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu
91991M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Sənaye Universiteti
101992Azərbaycan Dövlət Neft Akademiyası 
112015Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

2015-dən

2015-ci ilin sentyabr ayında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırıldı, onun qarşısında yalnız neft sahəsi üçün deyil, bütövlükdə yerli sənaye sahələri üçün ixtisaslı kadrlar hazırlamaq vəzifəsi qoyuldu. Bundan əlavə, yeni tədris ilindən etibarən ADNSU-nun nəzdində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan Fransız-Azərbaycan Universiteti (UFAZ) fəaliyyət göstərməyə başlayıb. Tədrisin ingilis dilində aparılacağı, məzunlarına ADNSU diplomu ilə yanaşı Fransanın və dünyanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu qazanmaq imkanı da təqdim edən UFAZ-a bu il 143 tələbə qəbul olub, bu isə ümumilikdə yeni tədris ilində universitetimizin divarları arxasında 2400-dən artıq gəncin texniki və mühəndis ixtisaslarına yiyələnib ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslı kadrlar kimi yetişəcəyi deməkdir

ADNSU-da təhsilin və elmin sənaye ilə sintezi məqsədilə görülən mühüm işlərdən biri ali məktəbdə "eazi START" startap məktəbinin yaradılmasıdır. İstedadlı tələbələr və magistrlarla yanaşı doktorantların, universitet müəllimləri və professorların iştirak etdiyi startap məktəbinin məqsədi elmdə olan yeniliklərin əsasında minimal investiya qoyuluşu tələb edən biznes layihənin hazırlanması və istehsalın qurulmasıdır. 2015-2016-cı tədris ilinin sonunda, hazırlanmış layihələrdən 15-nin geniş təqdimatı keçirilib və hazırda onlara investisiyaların cəlb olunması üzərində iş aparılır. Bununla yanaşı, tələbələrin informasiya texnologiyalarına dərindən yiyələnmələri üçün universitetdə Azİİ-İT Akademiya yaradılıb. Dünya şöhrətli Oracle, Microsoft, Autokad resursları üzərində qurulan İT Akademiyasını ötən il 100-dən artıq gənc bitirib və müxtəlif səviyyələr üzrə sertifikatlar alıblar.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Neft və Sənaye Universiteti Corciya Dövlət Universiteti (ABŞ), Zigen Universiteti (Almaniya), Ploeşti Neft və Qaz Universiteti (Rumıniya), Tronheym Şəhər Elm və Texnologiya Universiteti (Norveç), Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Rusiya Dövlət Neft və Qaz Universiteti (Rusiya), Genuya Universiteti (İtaliya), Nitsa Sofiya-Antipolis Universiteti (Fransa), Afina Milli Texniki Universiteti (Yunanıstan), Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan) kimi xarici ali məktəblərlə sıx əməkdaşlıq edir. Eyni zamanda Almaniyanın Zigen Universiteti ilə Biznesin təşkili üzrə birgə bakalavr (BBA), ABŞ-ın Corciya Dövlət Universiteti ilə Biznesin təşkili üzrə birgə magistr proqramları da (MBA) xüsusi qeyd oluna bilər.